A

YAP Səbail rayonu UNEC ilk ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdən öncə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC-in prorektoru, dosent Şaiq Əsgərov hesabat-seçki yığıncağını açıq elan edərək, ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı olan YAP-ın istedadlı, cəmiyyətə və dövlətə xidmət etmək əzmində olan gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, aktiv ictimai fəaliyyətə cəlb olunması istiqamətində atdığı mühüm addımlardan danışıb.

Tədbirdə iştirak edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən rəhbərlik edilən Yeni Azərbaycan Partiyasının bu gün ölkədə ən nüfuzlu siyasi qurum olduğunu diqqətə çatdırıb. Azərbaycanın uğurlarında hazırda 800 minə yaxın üzvü sıralarında birləşdirən YAP-ın xüsusi payının olduğunu vurğulayan təşkilat sədri, hakim partiyanın sıralarında UNEC kollektivinin sayının ildən-ilə artmaqda olduğunu bildirib.

Sonra YAP Səbail rayonu UNEC ilk ərazi təşkilatının sədri, dosent Mikayıl Zeynalov hesabatla çıxış edərək, görülmüş işlər, qazanılmış uğurlar və qarşıda duran vəzifələrdən danışıb. Hesabatda UNEC üzrə YAP üzvlərinin sayının artaraq, 966 nəfər olduğu bildirilib.

Hesabat dinlənildikdən sonra, qənaətbəxş hesab edilərək, partiya üzvləri tərəfindən yekdilliklə qəbul olunub. YAP Səbail rayonu UNEC ilk ərazi partiya təşkilatının adı əsasnaməyə uyğun olaraq, “YAP Səbail rayon təşkilatı üzrə İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı” adlandırılıb.

Tədbirdə kafedra müdirləri professor Əlican Babayev, professor Məhiş Əhmədov, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktor müavini, dosent Təranə Kərimova, UNEC Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin direktoru dosent Cəlal Allahverdiyev, UNEC-in THİK-in üzvü İlkan Əliyev və tələbələr çıxış ediblər.

Sonra səsvermə yolu ilə YAP Səbail rayon təşkilatı üzrə İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatının sədr vəzifəsinə yenidən Mikayıl Zeynalov, sədr müavini isə Cəlal Allahverdiyev seçilib.

Sonda isə YAP sıralarına yeni üzv olan UNEC tələbələrinə üzvlük vəsiqələri təqdim edilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay