A

azedu.az

“Hazırkı dövrdə cəmiyyətin inkişafı 3 əsas faktorla əlaqəlidir. Burada birinci amil universitet, cəmiyyət və real sektor arasındakı münasibətlə bağlı məsələdir. Bunlar arasındakı əlaqə pozulanda sistem fəaliyyətini dayandırır”.

AzEdu.az xəbər verir ki, bu sözləri iqtisad elmləri doktoru, professor Zahid Məmmədov iş dünyası və universitetlər arasındakı münasibətlərdən danışarkən səsləndirib.

Z.Məmmədov qeyd edib ki, universitetdən məzun olanlar real sektordan daha güclü olmalıdır:

“Çünki real sektor fikirləşdiyini tətbiq edənə qədər universitet həmin məsələnin təhlil və tədrisini həyata keçirir. Ali təhsil müəssisələri gələcəyi təsvir edir. Hazırki məzunlar 5 il əvvəl məzun olmuş bir şəxsdən daha çox şey bilir. Buna səbəb indikilərin daha innovativ olmasıdır. Ancaq bütün universitetlərin məzunları üçün eyni sözü demək olmaz. Hər müəssisə eyni missiyanı daşıya bilmir. Tədris olunan mövzular iş dünyasının çağırışlarına cavab verirmi? Bunlar çox ciddi müzakirə mövzularıdır. Məsələnin həlli üçün hər iki tərəf araında memorandum imzalanmalıdır. Burada konkret olaraq iş dünyasının istəkləri və istəklərə uyğun universitetlərin verə biləcəkləri geniş müzakirə olunmalıdır”.

Professor hesab edir ki, əmək bazarından məşğulluğa doğru gedilməlidir:

“Bizi artıq əmək bazarı maraqlandırmamalıdır. Sənayedə iş çox ola bilər, ancaq bu işlərə, qoyulan tələblərə cavab verə biləcək kadr varmı? Mən bu barədə Dövlət Məşğulluq Agentliyi qarşısında məsələ qaldırmışam. Əlində diplom olan yüzlərlə insan gələ bilər. Ancaq bu diplomların hazırkı dövrün tələblərinə cavab verib - verməməsi məsələsi sual altındadır. Diplomlar əmək bazarındakı məşğulluğun çağırışına cavab verməlidir”.

Həmsöhbətimiz bazarda tələb olmayan ixtisasların ləğv olunmasını təklif edib:

“Əgər bazarda hansısa ixtisasa tələb yoxdursa, həmin ixtisas bağlanmalıdır. Sovet dönəmindən qalan ixtisaslar ləğv olunmalıdır. Hansı ixtisasların müasir dövrün tələbinə cavab vermədiyi ilə bağlı audit keçirilməlidir. Məsələn, UNEC-in rektoru tələbat olmayan ixtisaslarla bağlı araşdırma aparıb. Bazarda hansı ixtisaslara tələb olmadığı, cəmiyyətin ehtiyacını qarşılamayan ixtisaslar müəyyənləşdirilib. Tələb olmayan ixtisaslar davam etdirilməməlidir, çünki maliyyə vəsaiti yoxdur. Bu gün büdcədən yararlanmaq imkanları məhdudlaşıb. Əgər hazırda hansısa ixtisas istənilirsə, bazar bunun müqabilində vəsait ödəyəcəkdir. Bu baxımdan bazarın hansı ixtisasları istədiyini dəqiq müəyyənləşdirmək lazımdır”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay