UNEC-in Biznes və menecment fakültəsinin nəzdində fəaliyyət göstərən “Biznes və logistika” kafedrasının müdiri, “Əməkdar müəllim”, iqtisad elmləri namizədi, dosent Məhəmməd Əliyevə UNEC-in “Fəxri Professor”u adının verilməsi ilə bağlı Attestat təqdim olunub.
Təqdimatı UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov həyata keçirib. O, UNEC-in rektoru professor Ədalət Muradovun imzaladığı əmrə əsasən dosent Məhəmməd Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetində yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətlərinə, uzunmüddətli və səmərəli pedaqoji fəaliyyətinə görə “Fəxri Professor” adına layiq görüldüyünü bildirib.
Ş.Əsgərov çıxışı zamanı Məhəmməd Əliyevin universitetin inkişaf strategiyasının həyata keçirilməsində göstərdiyi əhəmiyyətli fəaliyyətə toxunaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirin sonunda professor-müəllim heyəti Məhəmməd Əliyev haqqında öz təbrik və xoş arzularını ifadə ediblər.