UNEC-in “İqtisadiyyat” kafedrasının dosenti Azər Mehtiyev, baş müəllim Ülviyyə Rəsul və Türkiyənin Ankara Hacı Bayram Vəli Universitetinin professoru Atilla Gökçenin həmmüəllifi olduqları “İqtisadi dinamikanın əsasları” adlı dərslik çapdan çıxıb.
Müəlliflərin üçillik intensiv elmi fəaliyyətinin nəticəsi olaraq ərsəyə gələn dərslik iqtisadi proseslərin dinamik xarakterinin, onların modelləşdirilməsi xüsusiyyətlərinin və tətbiqi üsullarının öyrənilməsinə həsr olunub.
Dərslikdə iqtisadi dinamikanın nəzəri əsasları, fərq tənliklərinə əsaslanan riyazi metodlar, iqtisadi nəzəriyyənin fundamental modelləri və onların real iqtisadi proseslərə tətbiqi xüsusiyyətləri ətraflı şəkildə təqdim edilir. Nəşrin əsas məqsədi tələbələrdə iqtisadi proseslərin modelləşdirilməsi, təhlili və proqnozlaşdırılması sahəsində nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasıdır.
Kitab iqtisadiyyat istiqamətləri üzrə təhsil alan, eləcə də iqtisadi modelləşdirmə və dinamik təhlillə maraqlanan magistrantlar, tədqiqatçılar və mütəxəssislər üçün də faydalı mənbədir.
Dərsliyin elmi redaktoru UNEC-in rektoru, professor Ədalət Muradovdur.