Son onilliklərdə ali təhsil sistemində baş verən dəyişikliklər universitetlərin funksiyalarına yeni məzmun qazandırmışdır. Ənənəvi universitet modeli əsasən təhsil və elmi tədqiqat fəaliyyətlərinə əsaslanırdı. Lakin qlobal iqtisadiyyatın bilik iqtisadiyyatına transformasiyası nəticəsində universitetlərdən yalnız yeni biliklərin yaradılması deyil, həm də həmin biliklərin iqtisadi və sosial dəyərə çevrilməsi tələb olunmağa başlamışdır.
Bu yanaşma universitetlərin fəaliyyətində “üçüncü missiya” anlayışının meydana çıxmasına səbəb olmuşdur. Üçüncü missiya universitetlərin cəmiyyət, dövlət və biznes sektoru ilə qarşılıqlı əlaqələrini, innovasiya fəaliyyətini, texnologiyaların kommersiyalaşdırılmasını, startap ekosisteminin inkişafını və regional iqtisadi tərəqqiyə töhfəsini əhatə edir. Bu baxımdan universitet artıq yalnız təhsil və elm müəssisəsi deyil, həm də innovasiya və iqtisadi inkişafın mühüm iştirakçısı kimi çıxış edir.
Müasir dövrdə universitetlərin qarşısında duran əsas vəzifələrdən biri yaradılmış elmi biliklərin real iqtisadi nəticələrə çevrilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə bu məsələyə xüsusi diqqət yetirərək qeyd etmişdir: “Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır... Bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır”.
Bu yanaşma dövlət səviyyəsində elmi fəaliyyətin nəticəyönümlü inkişafına, elmin iqtisadiyyatla inteqrasiyasına və innovasiya əsaslı inkişaf modelinə verilən önəmi əks etdirir.
Prezident İlham Əliyev eyni çıxışında dövlət qurumlarının Azərbaycan alimləri ilə daha sıx əməkdaşlıq etməsinin vacibliyini vurğulamış və elmi nəticələrin praktiki tətbiqinin genişləndirilməsi istiqamətində konkret çağırış etmişdir. Bu yanaşma universitetlərin, elmi-tədqiqat institutlarının, dövlət qurumlarının və biznes sektorunun vahid innovasiya sistemində fəaliyyət göstərməsini zəruri edir.
Hazırda bir çox universitetlərdə “Elm üzrə prorektor” vəzifəsi transformasiya olunaraq “Elm və innovasiya üzrə prorektor” modelinə çevrilmişdir. Bu dəyişiklik yalnız vəzifə adının dəyişdirilməsi deyil, universitet idarəçiliyinin mahiyyət etibarilə yeni mərhələyə keçidini ifadə edir. Əgər ənənəvi elmi idarəetmə əsasən tədqiqat fəaliyyətinin təşkili və elmi nəticələrin monitorinqinə yönəlirdisə, yeni model universitetdə innovasiya ekosisteminin yaradılmasını, texnologiya transferini, patentləşdirməni, kommersiyalaşdırmanı və sənaye ilə əməkdaşlığın inkişafını da əhatə edir.
XXI əsrdə universitetlər yalnız təhsil verən müəssisələr deyil, həm də yeni biliklərin yaradıldığı, innovasiyaların formalaşdırıldığı və iqtisadi inkişafın dəstəkləndiyi strateji mərkəzlərə çevrilmişdir. Bu səbəbdən müasir universitetlərin idarəetmə strukturunda Elm və İnnovasiya Məsələləri üzrə Prorektor vəzifəsi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın aparıcı universitetlərində bu vəzifə müxtəlif adlarla – “Vice President for Research and Innovation”, “Vice Rector for Science and Innovation”, “Pro-Vice-Chancellor for Research and Innovation” və s. fəaliyyət göstərir.
Universitetin missiyalarının təkamülü və yeni idarəetmə tələbləri
Universitetlərin inkişaf tarixi şərti olaraq üç mərhələyə bölünür:
Birinci nəsil universitetlərin əsas funksiyası tədrisdir. İkinci nəsil universitetlərin əsas funksiyası tədris və elmi tədqiqat funksiyalarını yerinə yetirir. Üçüncü nəsil universitetlərin əsas funksiyası tədris və tədqiqatla yanaşı innovasiya və sahibkarlıq fəaliyyətini də həyata keçirir.
Praktikada elmi fəaliyyət və innovasiya fəaliyyəti çox vaxt eyni anlayış kimi təqdim edilir. Halbuki onların məqsədləri fərqlidir. Elmi fəaliyyətin əsas məqsədi yeni biliklərin yaradılmasıdır və onun nəticələri adətən elmi məqalələr, monoqrafiyalar və digər akademik nəşrlər formasında özünü göstərir. Bu fəaliyyət universitetin və tədqiqatçıların elmi nüfuzunun yüksəlməsinə xidmət edir, əsasən akademik auditoriyaya yönəlir və onun uğuru sitat göstəriciləri, elmi nəşrlərin sayı və təsiri ilə qiymətləndirilir. İnnovasiya fəaliyyəti isə yeni məhsul, xidmət, texnologiya və ya biznes həllərinin yaradılmasına yönəlir, patentlər, texnologiya transferi və kommersiyalaşdırılmış nəticələrlə xarakterizə olunur. Bu fəaliyyətin əsas məqsədi iqtisadi və sosial dəyər yaratmaqdır, bazarın və cəmiyyətin ehtiyaclarına cavab verir və onun effektivliyi kommersiyalaşdırma səviyyəsi, əldə olunan gəlirlər və iqtisadi təsirlə ölçülür. Buna görə də yüksək elmi məhsuldarlığın mövcudluğu innovasiya uğurunun avtomatik şəkildə təmin olunması demək deyil; elmi nəticələrin innovativ məhsul və xidmətlərə çevrilməsi üçün əlavə institusional mexanizmlər, maliyyə resursları və effektiv idarəetmə tələb olunur.
Bu fərq göstərir ki, yüksək elmi məhsuldarlıq innovasiya uğurunun avtomatik təminatı deyil.
Dünyada çoxlu sayda universitetlər mövcuddur ki, onların minlərlə elmi nəşri olsa da, patent, lisenziya və texnologiya transferi göstəriciləri aşağı səviyyədədir.
Burton Clark tərəfindən irəli sürülən "Sahibkar Universitet" konsepsiyası (Кларк, Б. Р. Система высшего образования: академическая организация в кросс-национальной перспективе [Текст] / пер. с англ. А. Смирнова; нац. исслед. ун-т «Высшая школа экономики». — М.: изд. дом Высшей школы экономики, 2011.) və Henry Etzkowitz tərəfindən formalaşdırılan "Triple Helix" modeli universitetlərin iqtisadi inkişafın fəal iştirakçısına çevrildiyini göstərmişdir (Henry Etzkowitz. The Triple Helix: University-industry-government Innovation in Action. Front Cover. Routledge, 2008 - Business & Economics – 164).
Bu nəzəriyyələrə görə universitet yalnız elmi məqalələr hazırlayan və bilik istehsal edən təşkilat kimi deyil, eyni zamanda patentlər yaradan, texnologiyaların transferini həyata keçirən, innovativ startapların formalaşmasına dəstək verən və regional sosial-iqtisadi inkişafı stimullaşdıran mühüm bir institut kimi fəaliyyət göstərməlidir.
Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinin yaranma tarixi
Universitet idarəetməsində "elm və innovasiya üzrə prorektor" (vice president/pro-vice-chancellor for research and ınnovation) bu vəzifə tədricən formalaşmışdır. Tarixi inkişafı nəzərdən keçirdikdə üç mərhələ müşahidə olunur:
I mərhələ: Elm üzrə prorektorların yaranması (1950–1980-ci illər). İkinci Dünya müharibəsindən sonra ABŞ və Avropada universitetlər böyük tədqiqat mərkəzlərinə çevrilməyə başladı. Dövlətlərin elmə ayırdığı vəsaitin sürətlə artması nəticəsində universitetlərdə elmi fəaliyyətə rəhbərlik edən ayrıca vəzifələr yaradıldı.
Bu dövrdə ABŞ universitetlərində "Vice President for Research"; Böyük Britaniyada "Pro-Vice-Chancellor for Research"; Almaniyada "Vice Rector for Research" kimi vəzifələr formalaşdı.
Onların əsas məqsədi elmi fəaliyyətin koordinasiyası; qrantların idarə olunması; tədqiqat infrastrukturunun inkişafı və doktorantura və elmi kadr hazırlığının təşkili idi.
Bu mərhələdə innovasiya məsələləri hələ ayrıca istiqamət kimi qəbul edilmirdi.
II mərhələ: İnnovasiya funksiyasının meydana çıxması (1980–2000-ci illər). 1980-ci illərdə universitetlərin iqtisadi inkişafdakı roluna baxış dəyişməyə başladı. ABŞ-da qəbul edilən “Bayh–Dole Act” universitetlərə dövlət vəsaiti hesabına əldə olunan tədqiqat nəticələrinin patentləşdirilməsi və kommersiyalaşdırılması hüququ verdi. Bu qanundan sonra: patent fəaliyyəti; texnologiya transferi; universitet startapları мэ sənaye ilə əməkdaşlıq sürətlə inkişaf etməyə başladı.
Nəticədə bir çox universitetlərdə elmi fəaliyyətə rəhbərlik edən strukturlara innovasiya və texnologiya transferi funksiyaları əlavə edildi. Bu proses xüsusilə Massachusetts Institute of Technology, Stanford University və digər tədqiqat universitetlərində müşahidə olunurdu.
III mərhələ: Elm və innovasiya üzrə vahid rəhbərlik modeli (2000-ci illərdən sonra). XXI əsrdə universitetlərin "üçüncü missiyası" anlayışı formalaşdı: təhsil, tədqiqat və innovasiya və iqtisadi inkişaf. Bu yanaşma nəticəsində bir çox universitetlərdə "Research" və "Innovation" funksiyaları birləşdirildi və "Research and Innovation" adlı vahid rəhbər vəzifələr yaradıldı. Azərbaycanda da bu yanaşmanın tətbiqinə rast gəlinir. Məsələn, Azərbaycanın bir sıra dövlət universitetlərinin idarəetmə strukturunda "Elm və innovasiyalar üzrə prorektor" vəzifəsinin təsis edilməsi universitetin yalnız elmi fəaliyyətin təşkili ilə deyil, eyni zamanda innovasiya ekosisteminin formalaşdırılması, elmi nəticələrin iqtisadi dəyərə çevrilməsi və universitet–sənaye əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində strateji hədəflər müəyyən etdiyini göstərir. Bu, universitet idarəçiliyində beynəlxalq təcrübəyə uyğun olaraq tədqiqat və innovasiya fəaliyyətlərinin inteqrasiyasına yönəlmiş institusional yanaşmanın təzahürü kimi qiymətləndirilə bilər.
Müasir universitetlərdə elm və innovasiya idarəçiliyinin nəzəri əsasları
İnnovasiya anlayışı iqtisadiyyat, texnologiya, idarəetmə və sosial inkişaf nəzəriyyələrinin kəsişməsində formalaşmış mürəkkəb kateqoriyadır. Müasir dövrdə innovasiya yalnız yeni məhsul və ya texnologiyanın yaradılması kimi deyil, həm də elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsi prosesi kimi qiymətləndirilir. Bu baxımdan innovasiya nəzəriyyələrinin təkamülü universitetlərdə elm və innovasiya fəaliyyətinin idarə olunmasının nəzəri əsaslarını təşkil edir.
İqtisadi yanaşma və innovasiyanın mahiyyəti. İnnovasiya nəzəriyyəsinin formalaşmasında mühüm rol oynayan alimlərdən biri iqtisadçı Joseph Schumpeter (Шумпетер Йозеф. Большая советская энциклопедия: [в 30 т.] 3-е изд. — М.: Советская энциклопедия, 1969) olmuşdur. Onun "İqtisadi İnkişaf Nəzəriyyəsi" əsərində innovasiya iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi təqdim edilir. Şumpeter iqtisadi artımla iqtisadi inkişaf arasında fərq qoyaraq göstərirdi ki, iqtisadi artım mövcud göstəricilərin kəmiyyətcə dəyişməsidir, iqtisadi inkişaf isə yeni kombinasiyaların yaranması nəticəsində iqtisadi sistemin keyfiyyətcə dəyişməsidir. Şumpeterə görə innovasiya yeni məhsulun yaradılması, yeni istehsal metodunun tətbiqi, yeni bazarın açılması, yeni xammal mənbələrinin istifadəsi və ya istehsalın yeni təşkilati formasının formalaşdırılması ilə əlaqədardır. Bu prosesin əsas subyekti sahibkar hesab olunur. Beləliklə, innovasiya iqtisadi sistemdə struktur dəyişikliklərinin əsas mənbəyi kimi çıxış edir.
Bu yanaşma müasir universitetlərin fəaliyyətinə də tətbiq olunur. Universitetlər yalnız yeni biliklər istehsal edən qurumlar deyil, həm də həmin bilikləri innovativ məhsullara, texnologiyalara və xidmətlərə çevirən təşkilatlar kimi fəaliyyət göstərməlidirlər.
Sosial innovasiya nəzəriyyələri. İnnovasiyaların sosial aspektləri Pitirim Sorokin tərəfindən geniş şəkildə araşdırılmışdır (Питирим Сорокин. Социальная мобильность. M.2005). Sorokin elmi kəşflərin, texnoloji yeniliklərin və sosial dəyişikliklərin qarşılıqlı əlaqədə olduğunu göstərmişdir. Onun fikrincə, cəmiyyətlərin inkişafı müəyyən dövri dəyişikliklər əsasında baş verir və innovasiyalar bu dəyişikliklərin əsas hərəkətverici qüvvələrindən biridir.
Eyni istiqamətdə fəaliyyət göstərən Chris Freeman innovasiyaların məşğulluq, əmək bazarı və iqtisadi artım üzərində təsirini araşdırmışdır (Chris Freeman, Francisco Louçã. As Time Goes By: From the Industrial Revolutions to the Information Revolution. — Oxford, Oxford University Press, 2002). Onlar yazırlar ki, innovasiyalar yeni sənaye sahələrinin yaranmasına səbəb olmaqla yanaşı, iqtisadi sistemdə dövri dəyişikliklər və struktur transformasiyalar yaradır.
Üçlü Spiral Modeli və universitetlərin yeni missiyası. Müasir innovasiya nəzəriyyələrinin ən mühüm istiqamətlərindən biri Henry Etzkowitz və Loet Leydesdorff tərəfindən hazırlanmış Üçlü Spiral (Triple Helix) modelidir. Leydesdorff, Loet, and Henry Etzkowitz, 1998, The Triple Helix as a model for innovation studies, Science and Public Policy 25(3), 195-203.
Bu modelə görə innovasiya sisteminin əsas iştirakçıları: universitetlər; biznes sektoru və dövlət qurumlarıdır.
Bilik iqtisadiyyatı şəraitində universitetlər innovasiya proseslərinin mərkəzi iştirakçısına çevrilir. Universitetlər yalnız təhsil və tədqiqat funksiyalarını yerinə yetirmir, həm də texnologiya transferi, startapların yaradılması və sahibkarlığın inkişafında fəal iştirak edirlər. Məhz bu konsepsiya sonradan "Elm və innovasiya üzrə prorektor", "Tədqiqat və innovasiya üzrə bitse-Prezident" kimi vəzifələrin yaranmasının nəzəri əsasını formalaşdırmışdır.
İnnovasiya dövrləri və texnoloji transformasiyalar. İnnovasiyaların tsiklik inkişafı nəzəriyyəsi çərçivəsində Gerhard Mensch texnoloji durğunluq (technological stalemate) anlayışını irəli sürmüşdür (https://inecon.org/docs/Mensch.pdf). Onun fikrincə, iqtisadi böhranlar yeni fundamental innovasiyaların yaranması üçün əlverişli şərait yaradır. Texnoloji inkişaf bazis innovasiyalar, təkmilləşdirici innovasiyalar və psevdoinnovasiyalar arasında dövri keçidlərlə xarakterizə olunur. Bu yanaşma universitetlərdə elmi fəaliyyətin davamlı şəkildə yeni texnoloji istiqamətlərə yönəldilməsinin vacibliyini göstərir.
İnnovasiya ekosistemi yanaşması. XXI əsrdə innovasiya nəzəriyyələrinin inkişafında ekosistem yanaşması xüsusi yer tutur. Bu yanaşmanın nümayəndələrindən biri Robert Ayres olmuşdur (Robert U. Ayres. The History and Future of Economics. Springer: April 30, 2023). O, innovasiya sistemlərini təbii ekosistemlərə bənzədərək göstərmişdir ki, innovasiyalar ayrı-ayrı təşkilatların deyil, qarşılıqlı əlaqədə olan çoxsaylı iştirakçıların birgə fəaliyyəti nəticəsində meydana çıxır.
İnnovasiya ekosisteminə aşağıdakılar daxildir: universitetlər; dövlət qurumları; elmi-tədqiqat mərkəzləri; investorlar; biznes strukturları; startaplar və texnoparklar və inkubatorlar.
Bu yanaşmaya görə innovasiyanın uğuru ayrı-ayrı layihələrdən daha çox ekosistemin keyfiyyətindən asılıdır.
Yuxarıda qeyd olunan nəzəri yanaşmalar göstərir ki, müasir universitetlərdə elmi fəaliyyət və innovasiya fəaliyyəti bir-birindən ayrılmaz proseslərdir. Elmi tədqiqatlar yeni biliklərin yaranmasını təmin edir, innovasiya fəaliyyəti isə həmin biliklərin iqtisadi və sosial faydaya çevrilməsinə xidmət edir.
Məhz buna görə dünyanın aparıcı universitetlərində son illərdə "Elm üzrə prorektor" modelindən "Elm və innovasiya üzrə prorektor" modelinə keçid müşahidə olunur. Bu vəzifənin əsas missiyası yalnız elmi məhsuldarlığın artırılması deyil, həm də universitetdə innovasiya ekosisteminin formalaşdırılması, texnologiya transferinin təşkili, sənaye əməkdaşlığının inkişaf etdirilməsi və elmi nəticələrin kommersiyalaşdırılması üçün institusional mühitin yaradılmasıdır.
İnnovasiya nəzəriyyələrinin təkamülü göstərir ki, elmi biliklərin yaradılması ilə onların iqtisadi və sosial dəyərə çevrilməsi arasında sıx əlaqə mövcuddur. Şumpeterin innovasiya nəzəriyyəsindən başlayaraq Üçlü Spiral və innovasiya ekosistemi yanaşmalarına qədər bütün nəzəri istiqamətlər universitetlərin müasir innovasiya sistemlərində aparıcı rolunu təsdiqləyir. Bu baxımdan müasir universitetlərdə Elm və innovasiya üzrə prorektor institutu elmi fəaliyyətin idarə olunması ilə yanaşı, innovasiya mühitinin formalaşdırılması və universitetin bilik iqtisadiyyatına inteqrasiyasının təmin edilməsində strateji əhəmiyyət daşıyan idarəetmə mexanizmi kimi çıxış edir.
Elm və innovasiya üzrə prorektorunun əsas missiyası
Müasir universitetlərin fəaliyyətində innovasiya artıq yalnız ayrı-ayrı patentlərin, startapların və ya tətbiqi layihələrin əldə olunması ilə məhdudlaşmır. Dünyanın aparıcı universitetlərinin təcrübəsi göstərir ki, innovasiya davamlı və sistemli proses kimi yalnız əlverişli innovasiya mühiti və institusional mexanizmlər mövcud olduqda formalaşır. Bu baxımdan universitet strukturunda “Elm və innovasiya üzrə prorektor” vəzifəsinin təsis edilməsi həmin istiqamətin strateji əhəmiyyət daşıdığını göstərir.
Əgər universitetdə “Elm və innovasiya üzrə prorektor” vəzifəsi müəyyən edilmişdirsə, həmin vəzifə sahibinin əsas missiyası yalnız mövcud elmi nəticələrin və ya innovasiya məhsullarının hesabatını aparmaq deyil, ilk növbədə universitetdə innovasiya ekosisteminin formalaşdırılması və inkişaf etdirilməsi üçün sistemli fəaliyyət göstərməkdən ibarət olmalıdır.
İnnovasiya ekosistemi dedikdə, universitet, dövlət qurumları, biznes sektoru, investorlar, startaplar, tədqiqatçılar, tələbələr və digər maraqlı tərəflər arasında qarşılıqlı əməkdaşlığı təmin edən institusional mühit başa düşülür. Belə bir mühitin yaradılması isə təkcə elmi potensialın mövcudluğu ilə deyil, onun düzgün idarə olunması, əlaqələndirilməsi və təşviqi ilə mümkün olur.
Bu baxımdan Elm və innovasiya üzrə prorektor universitet rəhbərliyinə innovasiya siyasəti ilə bağlı strateji təkliflər verməli, elmi fəaliyyətin prioritet istiqamətlərini müəyyənləşdirməli, sənaye və biznes strukturları ilə əməkdaşlıq mexanizmlərinin qurulmasına təşəbbüs göstərməli, eləcə də elmi nəticələrin kommersiyalaşdırılması üçün zəruri təşkilati infrastrukturun yaradılmasını təmin etməlidir.
Beəliklə, dünya təcrübəsində artıq elmi fəaliyyətin qiymətləndirilməsi yalnız: məqalələrin sayı, sitatların sayı və müdafiə olunmuş dissertasiyalar ilə məhdudlaşmır. Universitetlərdən gözlənilir ki, elmi nəticələr: patentlərə, texnologiyalara, startaplara, sənaye layihələrinə, ictimai faydaya çevrilsin. Bu səbəbdən müasir universitetdə Elm və İnnovasiya üzrə Prorektorun fəaliyyətinin effektivliyi iki blok üzrə qiymətləndirilir:
Elm göstəriciləri İnnovasiya göstəriciləri
Məqalələr Patentlər
Sitatlar Lisenziyalar
Qrantlar Startaplar
Doktorantlar Texnologiya transferi
Konfranslar Sənaye müqavilələri
Elmi layihələr Kommersiyalaşdırma gəlirləri
Elmi tədqiqatların mövcud olduğu, lakin innovasiya fəaliyyətinin inkişaf etmədiyi universitetlərdə prorektorun əsas məsuliyyəti elmi fəaliyyətin təşkili, koordinasiyası və nəticələrinin artırılmasıdır. Lakin müasir tədqiqat universiteti modelində prorektorun vəzifəsi yalnız elmi məhsul istehsal etməklə məhdudlaşmır; o, elmi nəticələrin innovasiya və iqtisadi dəyərə çevrilməsi üçün zəruri institusional mühitin yaradılmasına da cavabdehdir. Bu səbəbdən innovasiya nəticələrinin olmaması hər zaman şəxsi məsuliyyət yaratmasa da, innovasiya sisteminin qurulmaması idarəetmə baxımından strateji boşluq kimi qiymətləndirilə bilər.
Elm və innovasiya üzrə prorektor vəzifəsinin yaradılmasının əsas məqsədi universitetdə istehsal olunan biliklərin yalnız məqalə və dissertasiya səviyyəsində qalmasını deyil, iqtisadi və sosial faydaya çevrilməsini təmin etməkdir:
1. Elmi fəaliyyətin idarə olunması. Universitetdə elmi fəaliyyətin səmərəli idarə olunmasını təmin etmək məqsədilə elmi prioritet istiqamətlər müəyyənləşdirilməli, tədqiqatların nəticəyönümlülüyü artırılmalı və beynəlxalq elmi-tədqiqat əməkdaşlığı genişləndirilməlidir.
2. Qrant və maliyyə mənbələrinin artırılması. Elmi tədqiqatların maliyyə dayanıqlığını gücləndirmək üçün beynəlxalq və xarici fondlardan qrant vəsaitlərinin cəlb olunması, eləcə də irihəcmli elmi layihələrin effektiv idarə olunması təmin edilməlidir.
3. Patent və kommersiyalaşdırma fəaliyyətinin inkişafı. Elmi nəticələrin iqtisadi dəyərə çevrilməsi məqsədilə patentlərin alınması təşviq edilməli, lisenziyalaşdırma mexanizmləri formalaşdırılmalı və yaradılan texnologiyaların bazara çıxarılması üçün əlverişli şərait yaradılmalıdır.
4. Universitet–sənaye əlaqələrinin inkişafı. Elm və istehsalat arasında qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi üçün biznes qurumları ilə tərəfdaşlıqlar genişləndirilməli, sifarişli tədqiqatların həcmi artırılmalı və birgə elmi-tədqiqat laboratoriyaları yaradılmalıdır.
5. Startap ekosisteminin formalaşdırılması. Universitetdə innovasiya və sahibkarlıq mühitinin inkişafı məqsədilə tələbə və müəllim startaplarının dəstəklənməsi, biznes inkubatorlarının fəaliyyətinin genişləndirilməsi və texnoparkların yaradılması istiqamətində tədbirlər həyata keçirilməlidir.
6. Universitetin beynəlxalq rəqabət qabiliyyətinin artırılması. Universitetin qlobal mövqeyinin möhkəmləndirilməsi üçün beynəlxalq elmi reytinqlərdə göstəricilər yaxşılaşdırılmalı, akademik nüfuz gücləndirilməli və innovasiya fəaliyyətinin nəticəliliyi artırılmalıdır.
Azərbaycanda müasir universitet idarəetməsi: elm, innovasiya və inkişafın yeni paradiqması
Müasir dövrdə universitetlər yalnız təhsil müəssisəsi deyil, həm də elmi tədqiqatların, innovasiyaların, texnologiya transferinin və insan kapitalının formalaşmasının əsas mərkəzləri kimi çıxış edirlər. Qlobal rəqabətin gücləndiyi, bilik iqtisadiyyatının sürətlə inkişaf etdiyi şəraitdə universitetlərin idarə olunmasına dair yanaşmalar da dəyişir. Müasir universitet idarəetməsi elmi fəaliyyətin nəticəyönümlü təşkili, innovasiya potensialının inkişaf etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətlə inteqrasiyanın gücləndirilməsi prinsiplərinə əsaslanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışında elmin, təhsilin və innovasiyaların ölkənin gələcək inkişafında strateji rolunu xüsusi vurğulayaraq qeyd etmişdir ki, Azərbaycanın uzunmüddətli inkişafı məhz bilik, elm və müasir texnologiyalar üzərində qurulmalıdır. Bu yanaşma universitetlərin yalnız təhsil verən deyil, həm də milli innovasiya sisteminin əsas iştirakçılarından biri kimi fəaliyyət göstərməsini zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elmin ölkənin iqtisadi və texnoloji inkişafında oynadığı rolu xüsusi vurğulamışdır:“Mən bütövlükdə bildirmək istəyirəm ki, elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər. Çünki bu gün bizim elmimizin praktik nəticələri olmalıdır. Təkcə elmi əsərlərdə yox, həyatda və iqtisadiyyatın sürətli inkişafını nəzərə alaraq, əlbəttə ki, burada əlaqələndirmə, uzlaşma yüksək səviyyədə olmalıdır”. Bu yanaşma universitetlərin, elmi-tədqiqat institutlarının, dövlət qurumlarının və biznes sektorunun qarşılıqlı əməkdaşlığının gücləndirilməsini, elmi nəticələrin iqtisadi və sosial faydaya çevrilməsini strateji vəzifə kimi müəyyənləşdirir. Prezidentin bu mövqeyi müasir innovasiya siyasətinin və universitet idarəçiliyinin əsasını təşkil edən Universitet–Sənaye–Dövlət (Triple Helix) modelinin prinsipləri ilə üst-üstə düşür. Bu modelə görə elmi fəaliyyət yalnız akademik nəticələrlə məhdudlaşmamalı, innovasiya, texnologiya transferi, sahibkarlıq və milli iqtisadi inkişaf proseslərinə birbaşa töhfə verməlidir (İlham Əliyev, (2025). Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış. Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi).
Müasir universitet idarəetməsində əsas məqsəd elmi potensialın iqtisadi və sosial inkişafın xidmətinə yönəldilməsidir. Bu baxımdan universitet rəhbərliyi, xüsusilə elm və innovasiyalar üzrə prorektor institutu, elmi fəaliyyətin strateji planlaşdırılması, tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi, beynəlxalq qrantların cəlb olunması, sənaye ilə əməkdaşlığın qurulması və elmi nəticələrin kommersiyalaşdırılması kimi vəzifələri həyata keçirməlidir.
Bu yanaşma dünya elmi idarəetmə praktikasında geniş yayılmış Triple Helix (Universitet–Sənaye–Dövlət) modeli ilə də uzlaşır. Həmin modelə görə universitetlər innovasiya ekosisteminin mərkəzi elementi kimi çıxış edir və dövlətlə biznes arasında körpü rolunu oynayır. Universitetlərin fəaliyyəti yalnız elmi məqalələrin sayı ilə deyil, yaradılan patentlər, startaplar, texnologiyalar, sənaye layihələri və cəmiyyətə verdiyi töhfələrlə qiymətləndirilir.
Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər də məhz bu istiqamətlərə uyğun gəlir. Dövlət başçısı çıxışında vurğulamışdır ki, elmi tədqiqatlar ölkənin milli maraqlarına, iqtisadi inkişaf strategiyasına və texnoloji tərəqqi məqsədlərinə xidmət etməlidir. Bu baxımdan universitetlərin idarə olunmasında ənənəvi akademik modeldən innovasiya yönümlü və nəticəyönümlü idarəetmə modelinə keçid xüsusi əhəmiyyət daşıyır.
Müasir universitet idarəetməsi aşağıdakı strateji istiqamətləri əhatə etməlidir:
• elmi fəaliyyətin strateji planlaşdırılması və monitorinqi;
• innovasiya və texnologiya transferi sisteminin qurulması;
• beynəlxalq reytinqlər və elmi göstəricilər üzrə inkişaf proqramlarının hazırlanması;
• sənaye və biznes strukturları ilə əməkdaşlığın genişləndirilməsi;
• gənc tədqiqatçıların və doktorantların dəstəklənməsi;
• süni intellekt, rəqəmsal texnologiyalar və yaşıl iqtisadiyyat sahələrində yeni tədqiqat istiqamətlərinin yaradılması;
• elmi nəticələrin kommersiyalaşdırılması və startap ekosisteminin inkişafı.
Nəticə
Beləliklə, müasir universitet idarəetməsində elm və innovasiya üzrə prorektorun fəaliyyəti nəticəyönümlü olmaqla yanaşı, həm də institusional inkişaf, innovasiya mühitinin formalaşdırılması, universitet–sənaye–dövlət əməkdaşlığının genişləndirilməsi və biliklərin iqtisadi dəyərə çevrilməsi baxımından qiymətləndirilməlidir.
Elm və innovasiya üzrə prorektor innovasiyanın birbaşa istehsalçısı deyil, innovasiyanın yaranması üçün zəruri olan şəraitin, institutların və əməkdaşlıq platformalarının memarı kimi çıxış etməlidir. Onun əsas vəzifəsi universitetdə elmi ideyanın innovasiya məhsuluna, innovasiyanın isə iqtisadi və sosial dəyərə çevrilməsini təmin edən sistem yaratmaqdır.
Məhz bu yanaşma Prezident İlham Əliyevin Azərbaycan elminin iqtisadiyyat və sənaye ilə daha sıx inteqrasiyası barədə səsləndirdiyi fikirlərlə də uzlaşır. Prezident vurğulamışdır ki, elmin nəticələri yalnız elmi nəşrlərdə deyil, real həyatda, iqtisadiyyatın və sənayenin inkişafında öz əksini tapmalıdır. Bu məqsədə nail olmaq üçün universitetlərdə innovasiya ekosisteminin yaradılması və onun peşəkar şəkildə idarə olunması xüsusi əhəmiyyət daşıyır.
Elmi tədqiqatların mövcud olduğu, lakin innovasiya fəaliyyətinin inkişaf etmədiyi universitetlərdə elm və innovasiya üzrə prorektorun əsas məsuliyyəti ilk növbədə elmi fəaliyyətin təşkili, koordinasiyası və nəticələrinin artırılmasından ibarətdir. İnnovasiya siyasətinin, texnologiya transfer mexanizmlərinin, sənaye əməkdaşlığının və innovasiya infrastrukturunun yaradılmaması universitet idarəçiliyində strateji boşluq kimi qəbul edilməlidir.
XXI əsrin tədqiqat universitetində elm və innovasiya üzrə prorektorun effektivliyi yalnız elmi məqalələrin sayı ilə deyil, universitetdə innovasiya ekosisteminin formalaşdırılması istiqamətində yaratdığı institusional imkanlarla da ölçülməlidir. Bu yanaşma universitetin klassik elmi təşkilatdan innovasiya yönümlü və sahibkar universitet modelinə keçidinin əsas şərtlərindən biridir.
Beləliklə, Prezident İlham Əliyevin elm və innovasiya ilə bağlı strateji baxışları müasir universitet idarəetməsinin əsas fəlsəfəsini təşkil edir. Universitetlərin gələcək inkişafı onların yalnız təhsil müəssisəsi kimi deyil, həm də elmi biliklərin, innovasiyaların və iqtisadi inkişafın aparıcı mərkəzləri kimi fəaliyyət göstərməsindən asılı olacaqdır. Bu isə universitet idarəçiliyində yeni yanaşmaların, xüsusilə elm və innovasiya yönümlü idarəetmə modelinin tətbiqini zəruri edir.
Zahid Fərrux Məmmədov,
iqtisad elmləri doktoru, professor, Əməkdar müəllim (UNEC, İAETİ)