A

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi iki dövlətin ümumi maraqlarının qorunmasında, imkanlarının birləşməsində, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətləndirilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında UNEC-in kafedra müdiri, professor Tofiq Əbdülhəsənli məlumat verib. O qeyd edib ki, gələcəkdə dərslik və dərs vəsaitlərində yazılacaq bu hadisə yaddaşlara həkk olunacaq. Şuşa Bəyannaməsi ölkədəki siyasi birliyin, milli həmrəyliyin yüksək səviyyədə olmasının bir təzahürü idi. Prezident İlham Əliyevin çox böyük diplomatik uğurunun, güclü, qüdrətli Azərbaycan dövləti quruculuğu prosesinin yeni bir mərhələsi idi. Həm 44 günlük Vətən müharibəsi zamanı, həm də müharibədən sonrakı dönəmdə dövlətimizin başçısının müsahibələri və çıxışları ilə Azərbaycanda yeni informasiya strategiyasını ərsəyə gətirdiyinin şahidiyik. Bu strategiyanın başlıca məqsədi Azərbaycanla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan, xeyli müddət ərzində erməni ideoloqlarının formalaşdırdıqları yalanları ifşa etməkdən, ölkəmiz ətrafında süni şəkildə yaradılmış informasiya blokadasının aradan qaldırılmasından, habelə informasiya müstəvisində davamlı qələbələrin əldə edilməsindən ibarətdir. Son bir il ərzində Azərbaycan Prezidenti informasiya sahəsində əldə edilən qələbələr seriyasının əsasını Vətən müharibəsi zamanı qoyub.

T.Əbdülhəsənli qeyd edib ki, Şuşa Bəyannaməsini hər iki ölkə lideri 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni və digər mühüm sənədləri rəhbər tutaraq imzalayıblar.

Azərbaycan üçün çox önəmli bir tarixdə- Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi müttəfiqlik münasibətləri haqqındadır.

Bəyannamədə qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında, imkanların birləşdirilməsində, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələri əlaqələndirilib və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.

Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı deyib: “Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

TOP XƏBƏRLƏR