22 may 2026-cı il tarixində saat 14:00-da BMT-nin Məskunlaşma Proqramı çərçivəsində keçirilən World Urban Forum 13 (#WUF13) çərçivəsində Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi tərəfindən təşkil edilən “Münaqişədən sonrakı dövrdə regionda yaşıl icma iştirakçılığı və şəhərsalmanın inkişafında qadınların rolu: Qarabağ nümunəsi” mövzusunda panel sessiyası keçiriləcək.
Sessiyada UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, i.f.d. Nərgiz Hacıyeva ekspert qismində iştirak edəcək.
Panel müzakirəsində post-münaqişə dövründə Qarabağın yenidənqurma prosesi, yaşıl icma iştirakçılığı, dayanıqlı şəhərsalma yanaşmaları və qadınların bu proseslərdə rolu müzakirə olunacaq. Xüsusilə qadınların icma inkişafı, sosial inteqrasiya və şəhərsalma siyasətində iştirakının əhəmiyyəti diqqət mərkəzində olacaq.
Mövzu post-münaqişə ərazilərinin inkişafı və Qarabağın gələcək şəhərsalma modelinin formalaşdırılması baxımından aktual elmi-tədqiqat istiqamətlərindən biri hesab olunur. Müasir dövrdə yaşıl inkişaf yanaşmaları və inklüziv iştirakçılıq prinsipləri regionun dayanıqlı inkişafının mühüm komponentlərindən hesab edilir.
📍 Məkan: Bakı Olimpiya Stadionu, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin pavilyonu
🕑 Tarix: 22 may 2026-cı il
⏰ Saat: 14:00
Qeyd edək ki, pavilyon bütün iştirakçılar üçün açıqdır. UNEC əməkdaşları və tədbirdə iştirak etmək istəyən şəxslər əvvəlcədən WUF qeydiyyatından keçərək tədbirə qatıla bilərlər.