2018/19-cu tədris ilində ali məktəblərə qəbul imtahanlarında II ixtisas qrupu üzrə 700 ballıq nəticə göstərən abituriyent Rəmzi Abıyev UNEC-i seçib.
Prezident təqaüdçüsü, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasının 1-ci kurs tələbəsi Rəmzi Abıyev ilə müsahibəni təqdim edirik.
- Rəmzi, sizi təbrik edirik, imtahanlarda 700 bal toplayıb, Prezident təqaüdünə layiq görüldünüz. Artıq UNEC tələbəsi adını daşıyırsınız. Ali təhsil alamaq üçün niyə UNEC-i seçdiniz?
- UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır. Əminliklə deyə bilərəm ki, 2-ci qrup üzrə ən yaxşı ixtisaslar buradadır. UNEC haqqında ali məktəbə hazırlıq zamanı mən kifayət qədər məlumat toplamışdım. UNEC-də ən yüksək bal toplayan tələbələr ali təhsil alır. Bu fakt özlüyündə UNEC haqqında çox söz deyir. Hələ UNEC-ə daxil olandan əvvəl mən öyrəndim ki, burada dərs deyən müəllimlər təcrübəsi və savadlı ilə fərqlənir. UNEC-in digər üstünlüyü burada xarici ölkələrlə əlaqəli müxtəlif təhsil proqramlarının tələbələrə təklif edilməsidir.
- Artıq dərslər başlayıb. Tədris prosesi haqqında nə düşünürsünüz?
- Burada dərs deyən müəllimlər ixtisası üzrə aparıcı müəssisələrdə, böyük holdinqlərdə, şirkətlərdə işləyirlər. Dərslərin real nümunələr üzərində təşkili fənni daha dərindən qavramağa çox kömək olur. Tədris prosesi tamamilə elektronlaşdırılıb və bu bizə bir çox faydalar qazandırır. Mən təhsilimdə əsasən biznes istiqamətində biliklərə yiyələnməyə üstünlük verəcəm. Təhsil prosesi olduqca maraqlı gedir və əminəm ki, bundan sonra daha da yaxşı olacaq.