UNEC-də “Azərbaycan Milli Qida Texnologiyaları Platforması: kadr hazırlığında dövlət dəstəyi və təhsil–sənaye inteqrasiyası” mövzusunda tədbir keçirilib.
Tədbirin əsas məqsədi ali təhsil müəssisələrində qida mühəndisliyi ixtisası üzrə kadr hazırlığının mövcud vəziyyətinin kompleks təhlili, inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, eləcə də bu istiqamətdə əsaslandırılmış təklif və tövsiyələrin hazırlanması olub.
Tədbirdə Azərbaycan Texniki Universitetinin rektoru, eyni zamanda Türkiyə-Azərbaycan Universitetinin (TAU) rektoru vəzifəsini müvəqqəti icra edən professor Vilayət Vəliyev, Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində tanınmış professoru Vural Gökmen, TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri professor Ümran Uyqun, TAU-nun Tədris şöbəsinin müdiri dos. Günel Teymurova, həmçinin İqtisadiyyat Nazirliyi, 4SİM, Veysəloğlu Şirkətlər Qrupu, Azərsun Holding, Coca-Cola, Siyəzən Broyler və Atena MMC-nin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində qonaqlar UNEC-in III tədris binasında fəaliyyət göstərən texniki və texnoloji yönümlü laboratoriyalarla tanış olublar. Onlar Nobel mükafatı laureatı Aziz Sancar adına “Qida təhlükəsizliyi”, “Qida kimyası və mikrobiologiya” və “Qida texnologiyaları” laboratoriyalarında həyata keçirilən elmi-tədqiqat və tədris proseslərini əyani şəkildə izləyiblər.
Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev iştirakçıları salamlayaraq, mövzunun aktuallığını və strateji əhəmiyyətini vurğulayıb. Sonra rektor, professor Vilayət Vəliyev, professor Ümran Uyğun və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin aparıcı məsləhətçisi Ceyhun Mecidov çıxış edərək Azərbaycan Milli Qida Texnologiyaları Platformasının yaradılmasının zəruriliyi, qida sənayesində mövcud çağırışlar, eləcə də bu sahədə dayanıqlı inkişaf perspektivləri barədə ətraflı fikirlərini bölüşüblər.
Professor Vural Gökmen “Azərbaycan Milli Qida Texnologiyaları Platforması: kadr hazırlığında dövlət-sənaye-universitet inteqrasiyası” mövzusunda təqdimatla çıxış edib.
Çıxışlar və aparılan müzakirələr zamanı qida mühəndisliyi sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsil proqramlarının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılması, həmçinin təhsil və sənaye arasında institusional əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Tədbirin yekununda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi, dövlət-sənaye-universitet tərəfdaşlığının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra konkret təklif və tövsiyələr irəli sürülüb.