A

infonews.az

Gündəmin ən aktual mövzulardan biri tələbələrin mütəxəssis kimi yetişdirilməsi, universitet məzunu olduqdan sonra iş yerləri ilə təmin edilməsidir. Bu istiqamətdə atılan addımlardan ən əhəmiyyətlisi tələbələrin müxtəlif müəssisələrdə, şirkətlərdə istehsalat praktikalarında iştirakıdır. “İNFONEWS” olaraq, mövzunu araşdırmaq istədik. 

Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti, texnika elmləri üzrə fəlsəfə doktoru Elsevər Fərzəliyevlə mövzuya aydınlıq gətirdik.

“İNFONEWS”: Tələbələrin dörd illik universitet təhsili, Sizin fikrinizcə, mütəxəssis kimi formalaşmaq üçün kifayət edirmi?

Elsevər Fərzəliyev: Azərbaycan Respublikasında qüvvədə olan mövcud qanunvericiliyə görə “Bakalavr” pilləsində əyani təhsil müddəti dörd il, “Magistratura” pilləsində isə iki il nəzərdə tutulmuşdur. Qeyd etmək istəyirəm ki, həm bakalavr və həm də magistratura pilləsində təhsil alanlar üçün uyğun olaraq səkkizinci və dördüncü semestrlər təcrübə keçirilməsi üçün nəzərdə tutulmuşdur.

Əlbəttə, yalnız nəzəri bilikləri mənimsəməklə yaxşı, yetkin mütəxəssis kimi formalaşmaq bir qədər çətin olur. Çünki, nəzəriyyənin praktika ilə qarşılıqlı öyrənilməsi daha böyük müsbət nəticələrin qazanılmasına imkan verir. Bu baxımdan tədris proqramlarında hər iki mərhələ üzrə tədris prosesinin sonunda təcrübələrin keçirilməsinin nəzərdə tutulması, yüksək dəyərləndirilməlidir.

“İNFONEWS”: Tələbələrin qazandıqları nəzəri bilikləri tətbiq etmək və daha yüksək bacarıq və vərdişlərə yiyələnmək üçün universitetlər tərəfindən şərait yaradılırmı?

Elsevər Fərzəliyev: Mənim çalışdığım Azərbaycan Dövlət İqtisad Universitetində bu məsələ həmişə diqqət mərkəzində saxlanılır. “Təcrübənin təşkili” şöbəsinin fəaliyyəti də tələbələrin istehsalat təcrübələrinin vaxtında və problemsiz keçirilməsini təmin edilməsinə istiqamətləndirilmişdir. Belə ki, tədris ilinin əvvəlində müvafiq kafedralara istehsalat təcrübəsinin harada keçiriləcəyini müəyyənləşdirmək tapşırığı verilir və müvafiq ixtisaslar üzrə mütəxəssislər tərəfindən bu müəssisələr təyin edilir. Müəssisələrlə aparılan danışıqlar nəticəsində əldə olunan razılıqdan sonra universitetimiz və müəssisələr arasında müqavilə bağlanır. Bütün təklif və tələblər bu müqavilələrdə öz əksini tapır. Bu məsələ ilə bağlı çox vaxt universitetimizin UNEC Karyera Mərkəzi ilə də razılaşdırılmalar aparılır. Əlbəttə ki, daha yaxşı təcrübi biliklərə və peşə vərdişlərinə yiyələnmək məqsədi ilə müqavilələrin ən qabaqcıl müəssisə və şirkətlərlə bağlanması mühüm əhəmiyyət kəsb edir.

“İNFONEWS”: Təcrübə keçən tələbələr həmin müəssisələrdə iş yeri ilə təmin edilə bilirlərmi?

Elsevər Fərzəliyev: Qeyd edim ki, hazırda əksər qida sənayesi müəssisələri ilə  İstehsalat təcrübəsinin keçirilməsi üçün bağlanılan müqavilələrin əsas ana xəttini bu məsələ təşkil edir. Belə ki, təcrübə keçdikləri zaman çərçivəsində (70 iş günü – bu müddət bir mütəxəssisi yaxşı tanımaq, onun bütün xüsusiyyətlərini, bacarığını və qabiliyyətini üzə çıxarmaq üçün kifayət edir) qabiliyyətli və bacarıqlı məzunların bütün xüsusiyyətləri müəssisə əməkdaşları tərəfindən araşdırılır və təcrübənin sonunda ən layiqlilərinə qalıb işləmək təklif olunur. Bu isə həm universitet, həm də müəssisələr üçün olduqca əlverişli haldır.

“İNFONEWS”: Elsevər müəllim, bəs bu il istehsalat təcrübəsi ilə bağlı hansı işlər görülüb?

Elsevər Fərzəliyev: Həmişə olduğu kimi, bu il də rəhbərlik tərəfindən müəssisələrlə əlaqə yaratmaq tapşırığı aldıqdan sonra, AZZA QSC, AZZA AQRO Şirkəti, “TAİS İKT” MMC, “Milli Kulinariya Mərkəzi” ilə danışıqlar apararaq, uyğun müqavilələrin bağlanmasına nail olduq. Artıq tələbələrimizin müəssisələrdə yerləşdirilməsi başa çatıb.

Yeri gəlmişkən, görülən bu işlərdə göstərdikləri müsbət qarşılıq və köməkləri üçün AZZA QSC-nin, “AZZA AQRO” Şirkətinin, “TAİS İKT” MMC-nin, eləcə də Milli Kulinariya Mərkəzinin rəhbərliklərinə öz dərin təşəkkürümü bildirirəm.

“İNFONEWS”: Peşəkar karyeranın qurulmasında müasir gənclərə nə kimi tövsiyələr verərdiniz?

Elsevər Fərzəliyev: Hər şeydən öncə qeyd etmək istəyirəm ki, bu günün tələbəsi və magistrantı – sabahın mütəxəssisidir və qısa bir müddətdən sonra müasir qida sənayesini onlar idarə etməli olacaqlar. Məhz buna görə də, gündəlik dərsləri, nəzəri bilikləri öyrənməli və uyğun sahə müəssisələrində keyfiyyətli təcrübə keçərək peşə vərdişlərinə yiyələnməlidirlər.

Qeyd edim ki, insan nə ilə qidalanırsa, orqanizmi də ondan ibarət olur. Sağlam və təhlükəsiz qidalanma – gördüyümüz işin keyfiyyətinə də müsbət təsir göstərir.

Hazırda müəssisələrdə istehsalat təcrübəsində olan hər bir tələbə və magistranta uğurlar arzulayıram!

“İNFONEWS” komandası adından hörmətli müəllim Elsevər Fərzəliyevə dərin təşəkkürümüzü bildiririk.

TOP XƏBƏRLƏR