A

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin tədbirlər planı çərçivəsində “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lideri Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib.

Konfransda açılış nitqi ilə çıxış edən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı dosent Elçin Eyvazov konfransın həsr olunduğu mövzunun aktuallığından bəhs edib. O, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi möhtəbər tədbirin ölkədə keçirilməsini yüksək qiymətləndirib.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri dosent Elşən Məmmədov “Heydər Əliyevin zəngin siyasi irsində ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpasının prioritetliyi” mövzusunda çıxış edərək, Ümummilli Liderin müstəqil Azərbaycan Respublikasının prezidenti olduğu dövrdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində gördüyü işlər haqqında ətraflı məlumat verib. Elşən Məmmədov bu gün Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması sahəsində əldə edilən uğurların əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb.

Sonra, Elşən Məmmədovun moderatorluğu ilə məruzələr dinlənilib.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti, “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin Azərbaycanın inkişafında yeni dövrün başlandığını bəyan etdiyini vurğulayaraq, milli ideyaların formalaşması üçün “Yaşıl iqtisadiyyat”, “Yaşıl enerji”, “Rəqəmsal Azərbaycan” platformalarını inkişaf etdirməyin əhəmiyyətindən və ölkəmizin qlobal çağırışlara adekvat dayanıqlılıq sərgiləməsindən bəhs edib.

Ekoloji Maarifləndirmə və Monitorinq İctimai Birliyinin sədri, ekoloq Qəmzə Yusubova ermənilər tərəfindən həyata keçirilən ekoloji terror siyasəti nəticəsində 30 il ərzində ölkəmizin təbiətinə, biomüxtəlifliyinə, flora və faunasına, həmçinin su mənbələrinə dəymiş zərərlərə toxunaraq Azərbaycan ərazilərində beynəlxalq hüququn prinsiplərinin pozulmasından bəhs edib. O, Qarabağda baş verən ekosidin yalnız Azərbaycan üçün deyil, ümumilikdə bəşəriyyət üçün ciddi faciələrə yol açdığını bildirib.

“İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti, c.e.n. Rövşən Həsənov “Ekologiya” ixtisasının III kurs tələbələri Könül Bayramova və Firuzə Teymurova ilə birgə hazırladıqları “İstehsal münasibətlərinin tənzimlənməsi və ekoloji risk” mövzusunda məqalənin təqdimatını ediblər.

Məruzə və çıxışlar konfrans iştirakçıları tərəfindən maraqla qaşılanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay