A

2025-ci il Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC üçün xüsusi bir mərhələdir.

Bu il UNEC İnklüziv Təhsil Mərkəzinin fəaliyyətə başlamasından 10 il ötür. Bu onillik, universitetin sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olan bərabər təhsil imkanlarının təmin edilməsi, fiziki məhdudiyyətli və həssas kateqoriyadan olan gənclərin ali təhsilə inteqrasiyası, eləcə də inklüzivlik mədəniyyətinin formalaşması baxımından mühüm nailiyyətlərlə yadda qalıb.

İlk addımlar və beynəlxalq təcrübənin öyrənilməsi (2015–2017)

UNEC-də inklüziv təhsilin əsası 2013-cü ildən etibarən TEMPUS (ESFIDIP) layihəsi çərçivəsində Avropa universitetlərinin təcrübəsinin öyrənilməsi ilə qoyulub. 2015-ci ildə isə rəsmi olaraq universitetdə əlilliyi olan tələbələr üçün xüsusi mərkəz yaradıldı və könüllü tələbə dəstək proqramları işə başladı.

2016–2017-ci illərdə “Təhsil hamı üçün – maneələri yox edək, qapıları açaq” devizi altında bir sıra pilot proqramlar həyata keçirildi, fiziki məhdudiyyətli tələbələrin təhsilinə dəstək məqsədilə infrastruktur, texnoloji və sosial mühitdə dəyişikliklər edildi. UNEC könüllüləri tərəfindən “əlil tələbələrə mentor dəstəyi” proqramı formalaşdı.

Eyni zamanda, “Əlilliyi olan gənclərin cəmiyyətə adaptasiya problemləri” mövzusunda layihələr icra olundu, inklüziv təhsilin sosial ədalət kontekstində əhəmiyyəti vurğulandı. Bu illərdə UNEC modelinin formalaşmasında əsas prioritet — “bərabərhüquqlu keyfiyyətli təhsil hər kəsin hüququdur” prinsipi oldu.Qeyd etmək lazımdır ki, 2013-cü ildə sadəcə 26 əlilliyi olan tələbə təhsil alırdı, onlar da qiyabi formada. O illərdə cəmiyyətin yanaşması fərqli stiqmatikdi, və bu kateqoriyadan gənclər cəmiyyətə çixmaqdan utanırdılar. Lakin, addım addım bu maneələr qaldırılır.

2016-cı ildən Radio UNEC efirində “İnklüziv Təhsil” həftəlik proqram yayımlanmaya başladı. “Uğur əngəl tanımır”, “İqtisadi psixologiya”, “İstedadlı əlilliyi olan bəstəkarlar”, “Gender bərabərliyi” və s. kimi maarifləndirici proqramlar cəmiyyətin diqqətini bu sahəyə yönəltdi.

Bu mərhələdə əsas mesaj: “Məhdudiyyətiniz sizi təyin etməsin — imkanlar sizi təyin etsin” universitetdə inklüzivlik mədəniyyəti doğuldu.

İnklüziv modelin formalaşması və beynəlxalq səviyyəyə çıxışı (2018–2020)

“Bərabərhüquqlu keyfiyyətli təhsil hər kəsin hüququdur” prinsipi artıq konkret layihələrdə təcəssüm tapdı.

2018-ci ildə UNEC “İnklüziv ali təhsil: beynəlxalq trendlər və UNEC təcrübəsi” adlı beynəlxalq konfrans keçirməklə bu sahədə regionda öncül mövqeyə çıxdı.
Konfrans çərçivəsində keçirilən təlimlər və müzakirələr universitetin inklüziv təhsil modelini sistemləşdirdi.

2018-ci ildə UNEC-in təşkilatçılığı ilə respublkada ilk dəfə “Əlilliyi olan ali təhsilli gənclər üçün Əmək Yarmarkası” keçirildi. Bu tədbir ölkədə böyük dəyişikliklərə təkan verdi. Yarmarka ölkəmizdə inklüziv təhsilin cəhdləri olsa da işlə təmin olunmasında, işəgötürənlərin əlilliyi olan mütəxəssislərin işə qəbuluna hazır olmadıqlarını aşkarladı. Bu, universitetin işəgötürənlərlə əlaqələrini daha da gücləndirməyə yönəldi. UNEC-in rəqabətlilik güçü universitet məzunlarına xüsusi diqqət ayırmalarını, müxtəlif təcrübə və əməkdaşlıq proqramlarını həyata keçirməyə imkan verdi.

Eyni zamanda 2018-ci il ölkəmizin inklüziv təhsildə yenilik– tədrisdə universal dizayn mövzusu ilə tədris sistemində fərqli yanaşmaya təkan verildi.

2019-cu ildə “Musiqidən ürəklərə” adlı inklüziv konsert proqramı, “Əlillik qüsur deyil” kitabının təqdimatı, eləcə də gənclərin sahibkarlıq bacarıqlarını inkişaf etdirən sosial layihələr reallaşdı. UNEC əlilliyi olan tələbələr müxtəlif televiziya proqramlarında, respublikada bir çox tədbirlərdə iştirak etməyə başlamışdı. UNEC-də konüllü tələbə təşkilatları gücləndi və fəaliyyətini genişləndirdi. 

2020-ci ildə Azərbaycan regionlarında əlilliyi olan gənclər üçün təhsil imkanlarının təkmillədirilməsi, UNEC İnklüziv Təhsil Mərkəzi “UNEC HEPLS” layihəsinə start vermişdi. Bu layihə çərçivəsində regionlarda UNEC-in fəal tələbələri əlilliyi olan uşaqlar ilə bir neçə gün keçirərək onların təhsil mühitinə adaptasiyasına kömək edirdi. Həmin günlərdə uşaqların valideynlərinə də sosial-psixoloji dəstək göstərilirdi. COVID-19 pandemiyası dövründə belə UNEC İnklüziv Təhsil Mərkəzi fəaliyyətini dayandırmadı, “UNEC ailəsində bərabərlik və birlik” devizi ilə onlayn təlimlər, psixoloji dəstək proqramları və beynəlxalq seminarlar təşkil etdi. 2020-ci il may ayında UNEC İnklüziv Təhsil Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə “İnklüziv ali təhsildə 3N: “Nəyi bilməliyik?”,  “Nə etməliyik?” və “Nə edə bilərik?” mövzusunda beynəlxalq onlayn konfrans keçirildi. 

Qeyd etmək istərdik ki, ERASMUS+ proqramı çərçivəsində UNEC-in bir neçə əlilliyi olan tələbəsi Avropanın universitetlərində tələbə mübadiləsi proqramında iştirak etmiş və təhsil almışlar.

Psixososial dəstək və əməkdaşlıq mərhələsi (2021–2023)

2021–2023-cü illər UNEC İnklüziv Təhsil Mərkəzinin psixoloji dayanıqlıq, ailə dəstəyi və sosial inteqrasiya istiqamətlərində yeni yanaşmalar tətbiq etdiyi dövr kimi xarakterizə olunur.

“Nizami Gəncəvi ili” çərçivəsində “Sətirlər istedadlı ürəklərdən gəlir” adlı poeziya axşamları, “Onlayn təhsildən oflayn təhsilə” mövzusunda psixoloji görüşlər və EURAS təşkilatı ilə birgə beynəlxalq vebinarlar keçirildi.“Əlillik əngəl deyildir”, “İmtahan önəsi stresin idarə edilməsi”, “Karyera planlaması”, “Vaxtın idarə edilməsi” və s.kimi müxtəlif mövzularda inklüziv auditoriyası üçün çox sayda seminarlar təşkil olundu. 

2022-ci ildən etibarən UNEC-in inklüziv ali təhsil modeli beynəlxalq tədbirdə təqdim olundu, və yeni inkişaf strategiyaları həyata keçirməyə başladı. DOST İnklüziv Yaradıcılıq Mərkəzi ilə əməkdaşlıq memorandumu imzalanmışdı və memorandum çərçivəsində mərkəzdə çalışan təlimçilərə təlimlər təşkil olundu. Eyni zamanda mərkəzin benefisiarlara UNEC müəllimləri tərəfindən müxtəlif fənnlər üzrə uzun müddətli təlimlər təşkil olundu.UNEC rəhbərliyi inklüziv təhsildə bir çox layihələrin həyata keçirilməsində xüsusi dəstək göstərdi. Belə ki, UNEC əlilliyi olan tələbələrinin yazdığı ədəbiyyat əsərlərini: detektiv roman, şeirlər və s. nəşr ettirdi. 

2023-cü ildə UNEC İnklüziv Təhsil Mərkəzi “PREGEN” layihəsini təqdim etdi. Eyni zamanda əlilliyi olan şəxslərin hüquqlarının beynəlxalq müdafiəsi gününə həsr edilən konfrans, tələbə təşkilatları ilə görüşlər,  “Hər şey Vətən üçün” adlı qazilərlə görüşlər və s.müxtəlif mövzularda tədbirlər keçirilib.

Yeni tərəfdaşlıqlar və inklüziv tədrisin gücləndirilməsi (2024–2025)

«PREGEN» layihəsinin başlaması ilə ailə psixologiyası, evlilik öncəsi hazırlıq təlimləri və həssas kateqoriyadan olan insanların sosial inteqrasiyası sahəsində yeni səhifə açıldı.

2024-cü ildə UNEC İnklüziv Təhsil Mərkəzi PsixoSən platforması ilə birgə “PREGEN” layihəsini ölkənin ali təhsil müəssisələrində geniş həyata keçirməyə başladı. Layihə çərçivəsində Bakı Ali Neft Məktəbi, Dövlət İdarəçilik Akademiyası, Mədəniyyət və İncəsənət Universiteti, Mingəçevir Dövlət Universitetində və digər ali təhsil müəssisələrində ailə psixologiyası və emosional rifah mövzularında maarifləndirici görüşlər keçirildi.

2025-ci ildə UNEC Elmi Şurasının qərarı ilə bu il “UNEC İnklüziv Təhsil İli” elan olundu. İl ərzində “İnklüziv Ali Təhsil” kitabının təqdimatı, autizm spektr pozuntusu mövzusunda seminar, “Uşaqların rəngli dünyası” festivalı, əl işləri sərgiləri, regional görüşlər və 2–3 oktyabr 2025-ci ildə keçirilən “İnklüziv Ali Təhsil: akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” adlı beynəlxalq konfrans bu istiqamətdə mühüm hadisələrdən oldu.

Bu illər ərzində qurum və təşkilatlarla əməkdaşlığı gücləndirmək üçün 2016-cı ildə Moskva Dövlət Humanitar İqtisadiyyat Universiteti ikili diplom proqramı qəbul etmiş, AR Əlillər Təşkilatları İttifaqı ilə 2018-ci ildə, 2019-cu ildə Loqos Psixoloji Nitq İnkişafı Mərkəzi, 2022-ci ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə, 2024-cü ildə MİDİB İctimai Birliyi ilə, və AR ƏƏMSN yanında Sosial Xidmətlər Agentliyi ilə əməkdalıq memorandumları imzalanmışdı. 

İnklüzivlikdən inkişafadək

Bu onillik fəaliyyət göstərdi ki, inklüziv təhsil sadəcə sosial məsuliyyət deyil, insan kapitalına sərmayədir. UNEC modeli göstərdi ki, əlilliyi olan tələbələrin təhsilə bərabər çıxışı üçün yaradılan şərait onların akademik, sosial və emosional inkişafını təmin etməklə yanaşı, bütövlükdə universitet mühitini daha humanist və ədalətli edir.

Bu gün UNEC artıq təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də inklüziv ali təhsil sahəsində qabaqcıl model kimi tanınır. Qarşıdakı illərdə məqsədimiz bu təcrübəni regional universitetlərdə tətbiq etmək, müəllim hazırlığı və inklüziv tədris metodologiyalarını daha da təkmilləşdirməkdir.

Sevinc Məhsimova
UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay