Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan elminin və iqtisad düşüncəsinin inkişafında müstəsna xidmətləri olan, iqtisad üzrə elmləri doktoru, Əməkdar müəllim, “Şöhrət” ordenli, UNEC-in professoru Məhiş Əhmədovun 80 illik yubileyi qeyd edilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in inzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov professor Məhiş Əhmədovu yubileyi münasibətilə təbrik edib. Prorektor çıxışında alimin Azərbaycan elminin, təhsilinin və xüsusilə UNEC-in inkişafında göstərdiyi əvəzsiz xidmətləri yüksək dəyərləndirib. Şaiq Əsgərov vurğulayıb ki, professorun yetişdirdiyi yüzlərlə tələbə bu gün müxtəlif sahələrdə onun adını qürurla yaşadır.
UNEC-in “İqtisadi və texnoloji elmlər” kafedrasının məsləhətçi professoru Arif Şəkərəliyev çıxışında Məhiş Əhmədovun elmi-pedaqoji fəaliyyəti və çoxillik zəngin təcrübəsi haqqında ətraflı məlumat verib, alimin keçdiyi şərəfli həyat yolu barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə yubilyarın elm və təhsil sahəsindəki çoxşaxəli fəaliyyətindən söz açıb. Onun yazdığı dərslik və tədqiqat işlərinin bu gün də öz aktuallığını qoruduğunu və elmi ictimaiyyət üçün dəyərli mənbə olduğunu xüsusi vurğulayıb.
İqtisadi Elmi Tədqiqat İnstitutunun idarə heyətinin sədri, professor Şahin Sadıqov yubilyarı təbrik edərək onun Azərbaycan iqtisad elmi üçün formalaşdırdığı elmi məktəbdən, iqtisadçı kadrların hazırlanmasında oynadığı mühüm roldan və ölkənin elmi potensialının gücləndirilməsində verdiyi böyük töhfələrdən bəhs edib.
Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı çıxışında professor Məhiş Əhmədovun Azərbaycan iqtisadiyyatına, elmi təfəkkürün inkişafına və təhsil mühitinə verdiyi töhfələri yüksək qiymətləndirib, onun zəngin elmi irsi barədə fikirlərini bölüşüb.
Daha sonra İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Elçin Eyvazov, “İqtisadiyyat və texnoloji elmlər” kafedrasının müdiri, professor Yaşar Kəlbiyev və həmin kafedranın professoru Qabil Manafov çıxışlarında professor Məhiş Əhmədovun UNEC-də yaratdığı elmi mühitdən, pedaqoji fəaliyyətinin geniş miqyasından və gənc mütəxəssislərin yetişdirilməsinə verdiyi dəyərli töhfələrdən söz açıblar. Onlar qeyd ediblər ki, Məhiş müəllim tələbələrinə qayğıkeş münasibəti, dərs prosesindəki peşəkarlığı və səmimi ünsiyyəti ilə həm kollektivin, həm də tələbələrin böyük hörmətini qazanıb.
Tədbirin sonunda UNEC rəhbərliyi adından professor Məhiş Əhmədova Fəxri Fərman təqdim edilib.
Bədii hissədə Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Nadir Əzimlinin ifası, eləcə də UNEC-in xalq çalğı alətləri ansamblının çıxışı tədbirə xüsusi rəng qatıb.
Sonda professor Məhiş Əhmədov göstərilən yüksək diqqətə və dəyərli sözlərə görə universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.