Qırğızıstanda işgüzar səfərdə olan UNEC nümayəndə heyətinin növbəti görüşləri İ.Arabayev adına Qırğız Dövlət Universitetində (QDU), həmçinin ölkədə tələbə sayına görə ikinci ən böyük ali təhsil müəssisəsi olan Qırğız Milli Universitetində (QMU) keçirilib.
QMU-da elm üzrə prorektor Kamçıbek U. Mirzabek, Ali İqtisadiyyat Məktəbinin dekanı, professor Nuriza Musayeva və digər struktur rəhbərləri ilə keçirilən görüşdə UNEC nümayəndələrinə universitetin fəaliyyəti, beynəlxalq əlaqələri və strateji prioritetləri barədə məlumat verilib. Eyni zamanda tərəflər UNEC-in son illərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi layihələr və hədəfləri barədə məlumatlandırılıb. Görüş zamanı birgə elmi-tədqiqat fəaliyyəti, təhsil proqramlarının inkişafı və tələbə mübadiləsi sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, elmi katib Ərəbiyyə Mustafayeva, Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Ömərova, Daxili audit şöbəsinin müdiri, dosent Rəşad Muradov Qırğız Dövlət Universitetində beynəlxalq əlaqələr və investisiyalar üzrə prorektor əvəzi Ayçurok Mirzalimbekova, İqtisadiyyat və menecment institutunun direktoru Maksatbek Koyçumanov və digər struktur rəhbərləri ilə görüşüblər.
Görüş zamanı ali təhsil müəssisələrinin idarəetməsi, beynəlxalq şəbəkələrin genişləndirilməsi, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının yaradılması, birgə elmi məqalələrin hazırlanması, konfrans və elmi tədbirlərin təşkili kimi məsələlər müzakirə olunub. Tərəflər həmçinin rəqəmsal təhsil platformalarının inteqrasiyası, süni intellektin tədris və idarəetmədə tətbiqi, eləcə də innovasiya və startap ekosistemi üzrə təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Müzakirələrin nəticəsi olaraq hər iki universitetlə əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib.
Qeyd edək ki, UNEC nümayəndələri 26–28 tarixlərində Qırğızıstanda ezamiyyətdə olublar. Səfər çərçivəsində ölkənin 5 ali təhsil müəssisəsi ilə UNEC arasında əməkdaşlığa dair razılıq əldə olunub.