Professor Ədalət Muradovun rəhbərlik etdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndə heyəti Malayziyaya işgüzar səfəri çərçivəsində ölkənin ən böyük özəl ali təhsil müəssisəsi olan Sunvay Universitetini ziyarət edib.
Görüş zamanı UNEC heyətini Sunvay Universitetinin prezidenti, professor Sibrandes Poppema qəbul edib. Prezident qonaqlara 5-ci nəsil universitet modeli əsasında fəaliyyət göstərən Sunway Universitetinin tarixi inkişafı, struktur xüsusiyyətləri, akademik potensialı, texnoloji infrastrukturu və strateji hədəfləri haqqında geniş məlumat verib.
UNEC-in rektoru, professor Ədalət Muradov çıxışında universitetin hazırkı inkişaf dinamikası, həyata keçirilən layihələr, beynəlxalq proqramlar, innovasiya təşəbbüsləri və rəqabətqabiliyyətliliyi artıran islahatlar barədə məlumat təqdim edib.
Sunvay Universitetinin prorektoru professor Abhimanyu Veerakumarisavam akademik və elmi əməkdaşlığın regional və qlobal miqyasda əhəmiyyətini vurğulayaraq tərəfdaşlığın yeni imkanlar açacağını bildirib.
Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqatlar, mübadilə proqramları və institusional tərəfdaşlığın prioritet istiqamətləri barədə müzakirələr aparıblar.
Müzakirələrin sonunda UNEC və Sunvay Universiteti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb
Səfərin növbəti günü rektor, professor Ədalət Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Malayziyanın aparıcı texnoloji yönümlü ali təhsil müəssisələrindən biri olan Asiya-Sakit Okean Texnologiya və İnnovasiya Universitetini (Asia Pacific University of Technology and Innovation - APU) ziyarət edib.
UNEC nümayəndələrini APU-nun rəhbər heyəti – rektor professor Ho Chin Kuan, Strateji Tədqiqatlar İnstitutunun direktoru professor Mohammad Falahat Nejadmahani, rektorun köməkçisi professor Murali Yaman, Keyfiyyət təminatı şöbəsinin müdiri Ts. Nur Zahdi Aldin və digər universitet rəsmiləri qarşılayıblar.
Görüş zamanı tərəflər təhsil müəssisələrinin fəaliyyəti, idarəetmə modeli, akademik proqramlar və beynəlxalq inkişaf strategiyaları haqqında qarşılıqlı məlumat mübadiləsi aparıblar. APU rəsmiləri universitetin əldə etdiyi nailiyyətlər barədə məlumat veriblər. Görüşdə UNEC-in tətbiq etdiyi tələbə rektoru proqramı APU rəhbərliyinin xüsusi marağına səbəb olub və bu modelin tələbə yönümlü idarəetmədə innovativ yanaşma olduğu vurğulanıb.
Tərəflər birgə institut və kampus təşəbbüsləri, tədqiqatçıların ortaq qrantlar çərçivəsində mübadiləsi, elmi nəşrlər sahəsində əməkdaşlıq, beynəlmiləlləşmə strategiyaları üzrə müzakirələrlə yanaşı, kibertəhlükəsizlik və süni intellekt sahələrində ortaq akademik proqramın yaradılması imkanlarını da nəzərdən keçiriblər. Bu proqramın qlobal rəqəmsal transformasiya fonunda yüksək ixtisaslı kadr hazırlığına ciddi töhfə verəcəyi qeyd olunub.
Görüşün sonunda UNEC və APU arasında anlaşma memorandumu imzalanıb.
.