UNEC-də keçirilən "Mühəndislik və Tətbiqi Elmlərin Aktual Problemləri" (ICCPEAS 2025) adlı I beynəlxalq elmi-praktiki konfrans öz işini elm və sənaye əlaqələrinə həsr olunmuş mühüm seminar sessiyası ilə tamamlayıb.
Konfransın yekun panel müzakirəsi "Tədqiqat nəticələrinin sənayeyə transferindəki maneələr və həll yolları" mövzusunda keçirilib. Sessiyaya Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayat Həsənli sədrlik edib.
Panelə sənaye və texnologiya sektorunun aparıcı nümayəndələri "Bakı Polad Şirkəti"nin İstehsalat Direktoru Cəlal Oven, “Veysəloğlu Şirkətlər Qrupu"nun Qida Təhlükəsizliyi Müşaviri Şəhla Yusifzadə, ONATUS-un (Öngörü Teknolojiləri) nümayəndəsi Esra İkiz, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin Təlim və İnkişaf Şöbəsinin rəisi Nəcəf Mustafayev qatılıblar.
Panel iştirakçıları akademik biliklərin patentləşdirilməsi, pilot layihələrə tətbiqi və kommersiyalaşdırılması prosesini dərindən təhlil ediblər. Əsas diqqət, sənayenin tələbləri ilə elmi tədqiqatların mövzuları arasındakı uyğunsuzluq, tədqiqatların maliyyələşdirilməsi və əqli mülkiyyətin etibarlı qorunması kimi sistemli maneələrə yönəlib.
Seminar sessiyası, elm və istehsalat sferaları arasında əməkdaşlığı gücləndirmək, innovativ məhsulların bazara çıxışını sürətləndirmək və rəqabətədavamlı strategiyalar hazırlamaq üçün praktik həll yollarının tapılması ilə yekunlaşıb.
Konfransın bu son tədbiri, Mühəndislik və Tətbiqi Elmlərin aktual problemlərinin təkcə akademik səviyyədə deyil, həm də sənaye müstəvisində həll edilməsinin vacibliyini bir daha təsdiqləyib.