UNEC-in rektoru Ədalət Muradov və Beynəlxalq əlaqələr üzrə prorektor Hüseyn Həsənov İndoneziyanın Cakarta şəhərində keçirilən Global Sustainable Development Congress 2026 konqresində iştirak edirlər.
22–25 iyun tarixlərində Times Higher Education tərəfindən təşkil olunan konqres BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində ali təhsilin rolunun gücləndirilməsinə həsr olunub. Dünyanın 100-dən çox ölkəsindən 5 mindən artıq iştirakçını bir araya gətirən tədbirdə dayanıqlı inkişaf, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyat, sosial inklüzivlik, təhsil və innovasiya məsələləri müzakirə olunur.
Konqresin açılış mərasimində Phil Baty, Dominic Jermey və digər yüksək səviyyəli rəsmilər çıxış edərək qlobal çağırışların həllində universitetlərin rolundan bəhs ediblər.
Konqres çərçivəsində keçirilən “Bacarıqlar valyuta kimi: Dayanıqlı dünya üçün istedad siyasətləri” panelində müasir əmək bazarında bacarıqların strateji əhəmiyyəti müzakirə olunub. Phil Baty moderatorluğu ilə keçirilən paneldə Cənub-Şərqi Asiya ölkələrinin təhsil rəhbərləri və siyasətçiləri dayanıqlı inkişaf üçün insan kapitalının gücləndirilməsi, bacarıq əsaslı təhsil və istedad siyasətləri ilə bağlı fikirlərini bölüşüblər.
UNEC nümayəndə heyəti həmçinin İndoneziyanın Ali Təhsil, Elm və Texnologiya naziri Brian Yuliarto ilə görüş və müzakirələrdə iştirak edib. Nazir çıxışında İndoneziyanın ali təhsil sisteminin inkişaf strategiyası və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkədə 4 mindən çox ali təhsil müəssisəsi fəaliyyət göstərir, burada 10 milyondan çox tələbə təhsil alır və 300 mindən artıq akademik heyət çalışır.
Konqresin diqqətçəkən sessiyalarından biri də Tan Sri Dr Jeffrey Cheah tərəfindən təqdim olunan “Dəstəkdən Təsirə: Təhsil, Filantropiya və Qlobal Dayanıqlı İnkişaf Gündəliyi” mövzusunda məruzə olub. O, keyfiyyətli təhsilin yoxsulluqdan çıxışın ən güclü vasitəsi olduğunu vurğulayaraq, şəxsi təcrübəsindən və rəhbərlik etdiyi Jeffrey Cheah Foundation fondunun fəaliyyəti haqqında danışıb.
Konqres çərçivəsində Sunway University-nin prezidenti Sibrandes Poppema “Missiyaya əsaslanan beşinci nəsil universitetlər: Dayanıqlı enerji gələcəyi üçün istedad və innovasiyaların formalaşdırılması” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda universitetlərin yalnız təhsil və tədqiqat mərkəzi deyil, həm də cəmiyyət və sənayedə dəyişikliklərin aparıcı qüvvəsi kimi çıxış etməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, konqres çərçivəsində 24 iyun tarixində universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfələri əsasında formalaşdırılan nüfuzlu Times Higher Education Impact Rankings 2026 nəticələri də elan olunub. UNEC-in nümayəndə heyəti konqres çərçivəsində beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində bir sıra görüşlər keçirir.