Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nümayəndələri Macarıstanın Győr şəhərində keçirilən nüfuzlu "QS Higher Ed Summit: Europe 2026" sammitində və onun çərçivəsində təşkil olunan "Advanced Business Skills Forum" beynəlxalq forumunda iştirak edirlər.
Macarıstanın Széchenyi István Universitetinin ev sahibliyi ilə təşkil olunan tədbir ali təhsil, innovasiya və biznes sahələrinin aparıcı ekspertlərini, universitet rəhbərlərini və sənaye nümayəndələrini bir araya gətirib. Beynəlxalq tədbirdə UNEC-i Beynəlxalq əməkdaşlıq departamentinin direktor müavini Rauf Məmmədov və Strateji inkişaf şöbəsinin müdiri Bəhlul Əliyev təmsil edirlər.
Sammit və forumun əsas məqsədi ali təhsil müəssisələri ilə sənaye arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi, innovasiya ekosisteminin gücləndirilməsi və universitetlərin müasir əmək bazarının tələblərinə uyğunlaşmasının təşviqidir.
Forum çərçivəsində müdafiə sənayesi və innovasiya, informasiya texnologiyaları, süni intellekt və rəqəmsal transformasiyanın ali təhsildə tətbiqi, universitet–sənaye əməkdaşlığının yeni modelləri, eləcə də qlobal akademik tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.
Tədbir çərçivəsində UNEC nümayəndələri müxtəlif ölkələrin qabaqcıl ali təhsil müəssisələrinin və beynəlxalq təşkilatların rəsmiləri ilə ikitərəfli görüşlər keçirərək yeni əməkdaşlıq perspektivlərini müzakirə edir, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparırlar.