UNEC KİM 24/7 Kitabxanasının “KİTABIM” layihə-podkastının növbəti qonağı görkəmli alim, Əməkdar elm xadimi, tanınmış ictimai-siyasi xadim, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov olub.
Layihənin bu buraxılışı həm 15 İyun – Milli Qurtuluş Gününə, həm də həmin tarixi dövrün canlı şahidlərindən və qurucularından biri olan professor Şahlar Əsgərovun 85 illik yubileyinə həsr edilib.
Podkastda Ulu Öndər Heydər Əliyevin yaxın silahdaşlarından, məşhur “91-lər”in ziyalı nümayəndələrindən biri olan Şahlar Əsgərov Azərbaycanın parçalanma və daxili xaos təhlükəsi ilə üz-üzə qaldığı dövr, eləcə də Heydər Əliyevin Bakıya qayıdışı ilə bağlı xatirələrini bölüşüb. Söhbət həmçinin müəllifi olduğu “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabı ətrafında aparılıb. Kitabda Qurtuluş dövrünə dair geniş ictimaiyyətə və xüsusilə gənc nəslə az məlum olan maraqlı faktlar, unikal hadisələr və pərdəarxası məqamlar yer alıb.
Sonda UNEC KİM 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova kitabxana kollektivi adından professor Şahlar Əsgərovu 85 illik yubileyi münasibətilə təbrik edib və ona üzərində “Ulu Öndər Heydər Əliyevin ‘Filosof Şahlar Əsgərov’ adlandırdığı böyük alimimizə, ömrünün 85-ci müdrik zirvəsində dərin sevgi və hörmətlə – UNEC KİM 24/7 Kitabxanasının kollektivi” sözləri həkk olunmuş kristal suvenir təqdim edib.