A

interview.az

"İndi universitetdə tələbə senatının yaradılması üçün çalışırıq"

 Xeyli sayda tələbələri əhatə edən universitetin tələbə rektoru olmaq yəqin ki, kifayət qədər çətindir...

- Çox məsuliyyətli bir peşədir mənim üçün. Çünki tələbə-rektor tələbələrin adından çıxış edən bir tələbədir, həm də rektordur. Əlbəttə ki, çətinliyi olmayan heç bir iş yoxdur, amma mən böyük sevgi ilə yanaşıram bu işə. Özüm də tələbə olduğum üçün, tələbələri çox yaxşı başa düşürəm. Maksimum dərəcədə tələbələrə yararlı olmağa çalışıram. Deyə bilmərəm ki, bütün problemlərini həll edirəm, amma gücüm çatan qədər, səlahiyyətlərim daxilində onlara kömək edə bilirəm və lazımi informasiyanı universitet rəhbərliyinə çatdırıram.

- Fəaliyyətiniz nələri əhatə edir?

- Tələbə rektor vəzifəsi ayrıca təşkilat deyil. Bu universitetimizin bərabərhüquqlu idarəetmə orqanıdır. Bizdə tələbə rektor institutu yaradılıb.Yəni ayrıca bir institutun əsası qoyulub. Tələbə rektor tələbələrin problemlərini mütləq şəkildə həll etməyə kömək etməlidir. Bizdə, ümumiyyətlə, rektorla əlaqə yaratmaqda heç bir problem yaranmır. Hər bir tələbə problemi olduğu zaman rektorla görüşüb öz problemini işıqlandıra bilir. Tələbə rektor da bir növ tələbələrlə rektor arasına körpü rolunu oynayır.

- Bəs nə idi sizi digər tələbələrdən fərqləndirən?

- Fərqləndirirdi desəm təvazökarlıqdan uzaq olar. Sadəcə mən tək təhsilə yönəlməmişəm. Mən 2 kurs ərzində ictimai fəallıq istiqamətində necə deyərlər, “dəridən, qabıqdan çıxmışam” (gülür). Yəni universitet daxilində, universitetdən kənar iştirak etmədiyim layihə, tədbir olmayıb. Elə vaxt olub ki, mənim mailimə 5 təşkilatdan keçdiyim qeydiyyat sahəsinə uyğun müsahibə mərhələsinə dəvət məktubu gəlib. Mən də vaxtı bir cür sıxışdırıb hamısına getmişəm. Eyni zamanda könüllü fəaliyyət göstərmişəm. Heç vaxt onu aşağı səviyyəli bir iş kimi görməmişəm ki, mən könüllü ola bilmərəm. Bütün bu mərhələləri keçə-keçə gəlib bu səviyyəyə qalxmışam. Hər şey əziyyətdən keçir məncə. Bu da hesab edirəm ki, məni, bütün tələbələrdən demirəm, müəyyən qisim tələbələrdən həmişə fərqləndirib. Adətən, mənə deyirdilər ki, çox özünü yorursan, onsuz da sənə ödəniş edən yoxdur. Çox vaxt tələbələr hər şeyə pul ilə yanaşırlar ki, pul vermirlərsə, niyə özünü öldürürsən?! Amma mən belə düşünürəm ki, hər şey pul deyil. Qətiyyən pul deyil. İnsanın uğur qazanmasında, digər insanlara faydalı olmasında puldan vacib çox məqamlar var.

- Tələbə rektor olmağın üstünlükləri, müsbət cəhətləri nələrdir?

- Müsbət cəhətləri çoxdur. Mənim ictimai-sosial fəallığım həmişə olub. Maksimum dərəcədə geniş əlaqələr yaratmağa çalışmışam. Bu vəzifə də hər şeydən öncə mənim əlaqələrimin genişlənməsinə kömək edir. Bir tələbə problemi, təklifi ilə mənə yaxınlaşırsa, bu istər-istəməz mənim yeni dostlar, tanışlıqlar qazanmağıma şərait yaradır.

- Tələbələr adətən, nə kimi problemlərlə yaxınlaşırlar sizə?

- Tələbələrdən cürbəcür şikayətlər gəlir. Ola bilər ki, universitetdə hər hansı bir yeni qərar olsun, bu yaxşı görünməyə bilər, amma biz çalışırıq ki, tələbələrin mənafeyinə uyğun olsun gördüyümüz işlər. Məsələn, bizdə həmişə imtahanlar elektron versiyada test üsulu ilə olub. İndi tədricən yazılı imtahanlara keçid almaq istəyirik ki, tələbələr nəsə öyrənə bilsinlər. Bir var testi əzbərləyib, imtahan versin, bir də var tələbə məcbur olur ki, mövzuları mənimsəsin. Biz də bu yöndə anidən addım atmamışıq. Tələbələrin ən azından ixtisas fənlərini yaxşı bilmələri üçün, onları yazılı struktura keçirmişik, eyni zamanda sualların yox, imtahana düşəcək mövzuların verilməsi kimi qaydalar tətbiq edirik. Tələbələr ən çox bununla bağlı müraciət edir. Çünki testdən yazılı üsula keçəndə istər-istəməz tələbələr üsyan edir. Ona görə də tələbələr ehtiyac duyduqda, tələbə rektorla da, prorektorla da, rektorla da görüşür ki, narazılıq olmasın. Eyni zamanda tələbələr öz layihələri, təklifləri ilə müraciət edirlər.

- Sizcə, ideal rektor hansı xüsusiyyətlərlə müəyyənləşir?

- Tələbə rektor olmazdan öncə mən özüm də tələbə idim də. Bir tələbə kimi mən düşünürəm ki, universitet daxilində mənim qarşıma hər hansı bir problem çıxanda mən bunu həll edə biləcəyəm, bu tələbə üçün böyük uğurdur. Xüsusilə də, müasir dövrdə müəyyən rəqabət mühiti var universitetlər arasında. Bu baxımdan hesab edirəm ki, ideal rektor tələbəni düşünməli, problemlərini həll etməli, tələbənin yanında olmalıdır.

- Tələbə rektor olmazdan öncə "mən rektor olsaydım, bunu belə etməzdim" dediyiniz məqamlar olub?

- Ümumiyyətlə, mən belə bir müstəvidən yanaşmıram bu məsələyə. İnsan elə bir varlıqdır ki, ətrafında gördüyü hər bir işə baxıb nəticə də çıxara bilər, nəyisə dəyişmək istəyə də bilər. Tutalım, hansısa işdən nəticə çıxaran mənəmsə, qarşı tərəfi də - rektoru, digər hansısa bir şəxsi də başa düşməliyəm. Əgər mən özüm tələbə olaraq tələbələrin mənafeyi adından müəyyən qərarları verməkdə gecikirəmsə, bəzən yanlış qərarlar da verə bilirəmsə, yüksək vəzifədə olanlar aydındır ki, qərarları tam vaxtında ala, hamısına intensiv cavab verə bilməzlər. Mən bilirəm ki, kimlərsə baxıb düşünür ki, tələbə rektordu, filan işi daha yaxşı edə bilərdi, filan qərarı daha erkən verə bilərdi. Amma müəyyən qədər digər tərəfi də anlamaq lazımdır.

- Tələbələr üçün hansı müsbət dəyişikliklər gözlənilir?

- Hazırda xarici universitetlərin təcrübəsindən yararlanaraq “tələbə senatı” layihəsi həyata keçirməyi nəzərdə tuturuq. Hazırda bunun üzərində işləyirəm. Rektorla da danışığımız olub və rektorla qərarlaşdırmışıq ki, burada tələbələ təşkilatları və tələbə rektordan ayrı bir qurum fəaliyyət göstərsin ki, tələbə senatının məhdud sayda üzvləri təlim, tərbiyə mövzularında qərarlar verəcəklər, tələbə rektora təqdim edəcəklər. Qərarlar məqsədəuyğun hesab edildikdən sonra rektora təqdim ediləcək. Tələbə senatın da tərkibində tələbə auditi olması planlaşdırılır. Burada tələbənin özünü cəzalandırması prinsipi nəzərdə tutulur. Adətən, tələbə intizama uyğun hərəkət etmədikdə, intizam komisiyyası onu cəzalandırır, danlayır. Biz isə tələbə auditi ilə istəyirik ki, tələbələr özləri aralarında bu cəzalanmanı məsələni böyümədən həll etsinlər.

- Gələcəkdə hansı sahədə fəaliyyət göstərmək istəyirsiniz?

- Düzü gələcək karyeramla bağlı məlumat verməyi sevmirəm, amma onu qeyd edim ki, mən idarəçilik sahəsinə meyilliyəm. Hansı sahə olursa, olsun fərqi yoxdur. Maliyyədə təhsil alıram, lakin gələcək işim olduqca kənar sahədə də ola bilər. Həmçinin siyasətə də meyilli olduğum üçün siyasi sferada idarəçilik prinsiplərinə əsaslanan bir vəzifədə görürəm.

- Gənclərə tövsiyələriniz nələrdir?

- Bizdə ənənəvi olaraq, oriyentasiya günü keçirilir. Yəni universitetə yeni daxil olan tələbələrin universitetlə tanışlıq günü olur. Bir günü əhatə edir. Dərslər 15 sentyabr başlayırsa, tələbələr 14 sentyabrda gəlirlər. Burada bələdçilər vasitəsilə universiteti tanıyırlar. Onlar bir növ qeyri-rəsmi universitetə adaptasiya olurlar. Çünki onlar birinci qeyri-rəsmi hissəni görürlər və universitetə öyrəşirlər. Həmin gün tələbələrə görüşümdə demişdim ki, tələbələr 2 yerə bölünür. Birincisi, sırf təhsilə yönələnlər. Onlar özləri də 2 yerə bölünür uğur qazanan və qazanmayanlar. Digər tələbələr isə ancaq ictimai-sosial fəaliyyətlə məşğul olanlardır. Onlar dərslərə çox da önəm verməyən gənclərdir. Elə təbəqə də var ki, hər ikisi ilə məşğul olan. Mən öz təcrübəmə əsaslanaraq deyirəm ki, tələbələr hər iki qoldan yararlansınlar. Həm təhsilə diqqət ayırsınlar, həm də ictimai-sosial fəaliyyətlərə vaxt ayırsınlar. Gənclərin ictimai fəallığı, ilk növbədə onların ixtisaslarını gələcəkdə uğurla tətbiq etmələrinə bir növ təcrübə rolunu oynayır. Maksimum çalışqan olsunlar. Heç vaxt əziyyət itmir. Mən çəkdiyim əziyyətlərin qarşılığını bu gün tələbə rektor olmaqla görürəm.

 Günel İlqar

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay