A

AzEdu.az

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevə həsr edilən TEDx UNEC konfransı keçirilib

Konfransın mövzusu “Azərbaycan. Lider. Tərəqqi” olub.

Xatırladaq ki, Azərbaycanda Ulu Öndərə həsr olunan ilk TEDx tədbirində dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, ziyalılar iştirak ediblər.

QEYD:TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. TEDx proqramı “Bölüşməyə dəyər fikirlər” devizi ilə 2009-cu ildən etibarən bütün dünyada təbliğ olunur. İndiyədək yüzlərlə şəhər və universitetlərdə müstəqil TEDx tədbirləri keçirilib və bu təşəbbüslər getdikcə  artır.

“TEDx konfransı təkcə UNEC-də deyil bütün universitetlərdə təşkil olunmalıdır”.  

Bu sözləri AzEdu.az-a təhsil üzrə  ekspert “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, UNEC İctimai Nəzarət Şurasının üzvü Məlahət Mürşüdlü deyib. Onun sözlərinə görə, tələbələrin dünyagörüşünün artırılmasındaTEDx konfransının əhəmiyyəti böyükdür:

“TEDx UNEC  konfransında artıq  3 ildir ki, davamlı olaraq iştirak edirəm. Ümumiyyətlə, tələbələrin sosial mühitə asanlıqla adaptasiya olmasında TEDx konfransının əhəmiyyəti böyükdür. TEDx konfransında görkəmli şəxslərin həyatından bəhs edən təqdimatlar olur. Eyni zamanda konfransda tələbə və elm adamlarının karyeralarını necə qurduqları barəsində də özlərinin təqdimatlarını edirlər. Bu təqdimatlar o qədər gözəl şəkildə təşkil olunur ki, iştirakçılar az zaman müddətində müəyyən məlumatları mənimsəyə bilirlər.  Düşünürəm ki, TEDx konfransı təkcə UNEC-də deyil bütün universitetlərdə təşkil olunmalıdır.   Çünki, TEDx konfransında yaşından asılı olmayaraq hər bir insan üçün müəyyən ismarıclar olur. Çox istərdim ki, TEDx konfranslarında İslam dəyərləri və Cümhuriyyət tarixindən bəhs edən mövzular təşkil edilsin.

TEDx konfranslarında İslam dəyərləri haqqında mövzular təşkil edilsə, bunun özü də əxlaq,mənəviyyat dərsi olardı. Bəzən, İslam dininə qarşı fərqli düşüncələr olur. Çünki bəziləri  İslamın “molla” və“saqqal”dan ibarət olduğunu düşünür. Amma İslama xas olan dəyərlərə elm, ədalət, ağıl da daxildir. Düşünürəm ki, TEDx konfranslarında  əxlaqi-tarixi mövzularda da təqdimatlar keçirilsə tələbələrin dünyagörüşünün formalaşmasında mühüm rol oynacaq”.

Təhsil üzrə ekspert, UNEC İctimai Nəzarət Şurasının üzvü Şahlar Əsgərovun sözlərinə görə, TEDx layihəsi dünyada çox geniş yayılıb:

“TEDx layihəsinin əsas məqsədi yaxşı ideyaları bölüşməkdir. TEDx konfransında məruzəçilərə mühazirə oxumaqları üçün 20 dəqiqə vaxt verilir.  Konfransda iştirak edən məruzəçilərə isə dinləyicilərin sual verməsinə icazə yoxdur. TEDx mühazirəsi Türkiyədə çox geniş yayılıb. Türkiyədəki TEDx mühazirələrinin bəlkə də 50-ni dinləmişəm. Onu da bildirim ki, UNEC-də ilk TEDx konfransı 2016-cı ildə  keçirilib. TEDx konfransında  bir ideya irəli sürərək onu iştirakçılara açmalısan.  TEDx UNEC konfransı tələbələrdən daha çox cəmiyyət üçündür. Ümumiyyətlə, TEDx UNEC konfransının tələbələr üçün əhəmiyyəti böyükdür”.

“TEDx UNEC konfransında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixinin xilaskarlıq missiyası geniş şəkildə göstərildi”

Bu sözləri AzEdu.az-a millət vəkili, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, TEDx dünyada  çox geniş yayılan nüfuzlu platformadır:

“UNEC-də Ulu Öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr olunan  TEDx tədbiri keçirildi. Bu tədbir xüsusən texniki göstəricilər baxımından da  yaddaşda qaldı. TEDx UNEC konfransında məruzəçilərə 18 dəqiqə vaxt verilmişdi. Bu  çıxışlarda Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin yaradılması və inkişafında müstəsna  xidmətləri  müxtəlif aspektlərdə izah edildi. Konfransda Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixinin xilaskarlıq missiyası geniş şəkildə göstərildi. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı , Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Orucun konfransdakı çıxışında Ulu öndər Heydər Əliyevin hakimiyyətinin I və II dövründə  həyata keçirdiyi siyasət müqayisə olundu. Ulu öndər Heydər Əliyevin əsrin müqaviləsi imzalaması onun müstəsna xidməti idi. Məhz o zamandan  Azərbaycan inkişafının əsası qoyuldu. TEDx UNEC konfransında  Heydər Əliyevin həm iqtisadi, siyasi həm də sosial  beynəlxalq sahədə atdığı misilsiz addımları bir daha vurğulandı. Konfransda bir daha qeyd edildi ki, Ulu Öndər Heydər  Əliyevin əsasını qoyduğu inkişaf kursu onun siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Hesab edirəm ki, gələcəkdə TEDx konfransı “Müasir texnologiyaların Azərbaycan təhsil sisteminə tətbiqi” mövzularında da keçirilsə yaxşı olar. Həmçinin, TEDx konfransında Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası ilə bağlı məsələləridə müzakirə oluna bilər". 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri,  UNEC İctimai Nəzarət Şurasının üzvü Sahib Məmmədovun sözlərinə görə, TEDx UNEC konfransı çox yüksək səviyyədə təşkil olunmuşdu:

“TEDx konfransı dünyada çox geniş yayılmış  platformadır. Bu baxımdan TEDx UNEC-də keçirilən konfrans möhtəşəm idi. Konfransçox yüksək səviyyədə təşkil olunmuşdu. Həmçinin, konfransın mövzusu da çox möhtəşəm idi. Konfransda çıxış edən məruzəçilər də öz fikirlərini yüksək səviyyədə ifadə edə bilirdilər. TEDx UNEC konfransında tələbələrin şeirlər səsləndirməsi də çox maraqlı idi. Hesab edirəm ki, UNEC-in bu təşəbbüsü təqdirəlayiqdir.  TEDx konfransını istənilən mövzularda təşkil etmək olar.  Düşünürəm ki, gələcəkdə TEDx konfransı  “Sosial şəbəkələr və onların insan həyatına təsiri”və ya bu dövrdə  yayılan bir çox aktual məsələlərə  həsr olunsa yaxşı olar”.

Günel Yaşarqızı

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay