A

Xalq qəzeti

Azərbaycan-Avropa İttifaqı (Aİ) əlaqələri dinamik inkişaf edir. İndiyədək tərəflər arasında Tərəfdaşlıq və Əməkdaşlıq, Viza və Readmissiya haqqında sazişlər, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü kimi mühüm sənədlər imzalanıb. Hazırda Azərbaycan Aİ ilə müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində uğurla əməkdaşlıq edir. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi iri layihələrin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycan Aİ-nin etibarlı enerji tərəfdaşıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin tranzit qovşağı kimi əhəmiyyətini daha da artırır. Azərbaycanın xarici ticarət dövriyyəsində əsas yeri Aİ ölkələri tutur.

Aİ Azərbaycanın xarici ticarət dövriyyəsində təxminən 42 faizlik paya malik olmaqla, ölkəmizin əsas ticarət tərəfdaşıdır. Həmçinin Aİ respublikamızda ən böyük investordur. Ənənəvi birgə Avropa İttifaqı-Azərbaycan Biznes Forumu Aİ-nin müxtəlif sənaye və xidmət sektorundan çoxlu nümayəndələr cəlb edir. Xatırladım ki, növbəti biznes forum bu il iyunun 13-də Bakıda keçiriləcək. 

Öz coğrafiyası və strategiyasına görə Asiya ilə Avropa arasında təbii körpü olan Azərbaycan həmişə regional və transregional bağlılıq təşəbbüslərinin fəal iştirakçısı, habelə onun gerçəkləşdirilməsinə mühüm töhfə verən əsas ölkələrdən biri olub. Buna görə də Azərbaycan üçün uzlaşma imkanları həm Aİ ilə ikitərəfli gündəlikdə, həm də Şərq Tərəfdaşlığı çərçivəsindəki çoxtərəfli müstəvidə mühüm yer tutur. 

Fikrimcə, nəqliyyat sahəsində Trans-Avropa Şəbəkəsinin indikativ xəritələrinin Azərbaycana və sonra Asiyaya qədər genişləndirilməsi regional ticarət dəhlizlərinin birlikdə təşviq edilməsi üçün möhkəm zəmin yarada bilər. Əslində dəmir yolları administrasiyaları, habelə Gürcüstan, Ukrayna, Polşa, Rumıniya, Avstriya və Almaniyadan olan bəzi özəl logistika şirkətləri artıq Azərbaycanla birlikdə bu regional ticarət dəhlizlərində təmsil olunub. Bu siyahı artmaqda davam edir. 

Avropada bir çoxları bu strateji ticarət sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan təqdim etdiyi infrastrukturu qonşularla, eləcə də Asiya və Avropa ölkələri ilə bölüşür. Açıq dənizə çıxışı olmayan ölkə olaraq, Azərbaycan öz quru sərhədlərindən kənara çıxıb geniş bölgə ərazisində daha böyük ticarət dinamikasının yaradılmasına çalışır. 

Azərbaycan enerji sahəsində Cənub Qaz Dəhlizinin həyata keçirilməsi vasitəsilə strateji tərəfdaşlığı davam etdirir. Bu layihə üzrə aparılan işlərin əsas hissəsi artıq yekunlaşdırılıb. Trans-Adriatik Boru kəməri (TAP) isə inşa olunmasının ən son mərhələsindədir. 

 Azərbaycan Prezidenti İlham Əliyevin mayın 13-də Belçika Krallığına işgüzar səfəri çərçivəsində keçirilən görüşlərdə də bu barədə ətraflı danışılıb. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə verilən şam yeməyində çıxış edən Prezident İlham Əliyev Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı və təşkilatın üzv dövlətlərinin ölkəmizdə aparıcı sərmayəçi qismində çıxış etdiklərini bildirib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, respublikamızın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.
Dövlətimizin başçısı Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini də diqqətə çatdırıb. 

Mirağa ƏHMƏDOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay