A

"İqtisadiyyat" qəzeti

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm həftəsi” çərçivəsində 5 gün ərzində 5 aktual mövzunun müzakirəsinə həsr olunan tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Artıq oktyabrın 21-dən start götürən tədbirlər 25 oktyabr tarixinədək davam edəcəkdir.

“Elm həftəsi” çərçivəsində UNEC-in 5 tədqiqat mərkəzinin hər birinin profilinə uyğun olaraq aktual mövzulara həsr olunan müzakirələr keçirilməsi planlaşdırılır. Artıq 3 tədqiqat mərkəzinin işi başa çatmışdır. Belə ki, 21 oktyabr tarixində “Avropa İttifaqı ətraf mühit siyasəti, qazlaşdırma və qlobal cənubla iqtisadi əlaqələrin rolu” mövzusunda əsas məruzəçisi Dr. Elkhan Richard Sadiq-Zada (UNEC Avropa İqtisadiyyatı Mərkəzinin rəhbəri, Almaniyanın Bochum Ruhr Universitetində tədqiqatçı) olmaqlaAvropa İqtisadiyyatı Mərkəzi, oktyabrın 22-də“Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda əsas məruzəçisi Professor Qafar Mehdiyev (UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri) olmaqlaErmənistan İqtisadiyyatının Araşdırma Mərkəzi, 23-də isə “Səhiyyənin maliyyələşdirilməsində beynəlxalq təcrübə və onun Azərbaycan icbari tibbi sığorta sisteminə tətbiqi imkanları” mövzusunda əsas məruzəçisi Mirsahib Eminov (UNEC-in “Beynəlxalq iqtisadiyyat” kafedrasının müəllimi) olmaqlaSəhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi öz işlərini yekunlaşdırmışlar. Oktyabrın 24 və 25-də “Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış” mövzusu ilə Ekonofizika Tədqiqat Mərkəzinin və “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” mövzusu ilə Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin müzakirələrinin təşkili nəzərdə tutulmuşdur. Bu müzakirələrdə isə əsas məruzəçilər sırasıyla Professor Şahlar Əsgərov (Əməkdar elm xadimi, UNEC Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri) və Guo Min (Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri), Tahir Mirkişili(millət vəkili), Li Renyinqdir("Bir kəmər və bir yol" Alyansı Baş katibinin müavini).

UNEC-də “Elm həftəsi” çərçivəsində keçirilən 5 günlük tədbirlə əlaqədar daha geniş məlumat əldə etmək məqsədiləAzərbaycan Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departmentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovla görüşdük. Həmin müsahibəni sizlərə təqdim edirik.

- Zahid müəllim, bildiyimiz kimi, bu həftə UNEC-də “Elm həftəsi”dir və artıq bu çərçivədə nəzərdə tutulan 5 elmi mərkəzdən 3-ünün işi yekunlaşıb. Ümumiyyətlə, bu mərkəzlər, “Elm həftəsi” ilə əlaqədar onların işlərinin təşkili barədə məlumat verərdiniz.

- Bu gün UNEC dünya standartlarına uyğun müasir universitet qurur və UNEC qarşısında duran əsas məsələlərdən biri tədqiqat universitetinə keçidlə əlaqədar qarşıya qoyulan şərtləri yerinə yetirməkdir. Bununla bağlı ciddi işlər aparılır. Müasir universitetlərdə elmi fəaliyyət 3 əsas məqsədə xidmət edir:

1. Araşdırma yolu ilə bilik istehsal olunur. Universitet insan biliyinin gücü çərçivəsində tədqiqatlar aparır;
2. Bu tədqiqatlar tədris prosesində istifadə olunur və tələbələrin biliklərlə zənginləşməsinə xidmət edir;
3. Müasir universitetlər əmək bazarının ehtiyacına uyğun keyfiyyətli kadr və ya mütəxəssislər hazırlayır.

UNEC-də də bunların həyata keçirilməsi ilə əlaqədar əməli işlər aparılır. Ötən il oktyabrın 1-də Azərbaycanda ilk dəfə Azərbaycan Dövlət İqtisad Universitetində UNEC-də elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti yaradılmışdır. Onun da tərkibinə 4 şöbə daxildir: Elmmetrika, Texnologiya və transfer, Elmi fəaliyyətin təşkili, Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi.

Bu il isə UNEC-də “Elm həftəsi” təşkil olunmuşdur. Hazırda UNEC-də 31 tədqiqat mərkəzi var. 21-25 oktyabr tarixlərində UNEC-də təşkil olunacaq “Elm həftəsi” çərçivəsində isə 5 gün ərzində 5 mərkəzin iştirakı ilə hər gün bir mövzunun müzakirə olunması nəzərdə tutulmuşdur. Bu mərkəzlər Avropa İqtisadiyyatı Mərkəzi, Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzi, Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi, Ekonofizika Tədqiqat Mərkəzi və Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzidir. Burada məqsəd onların apardıqları tədqiqat işlərinin ictimaiyyətə çatdırılmasıdır. Biz artıq təhsil, tədqiqat və biliklərin kommersiyalaşmasını təmin etməyə çalışırıq. Şirkətlər, beynəlxalq ictimai təşkilatlar, dövlət rəsmiləri bu tədbirlərdə iştirak edəcək və onların geniş müzakirəsi həyata keçiriləcəkdir.

Qeyd edim ki, mövzularla əlaqədar ciddi ekspertlər dəvət olunublar. Məsələn, “Bir kəmər, bir yol” mövzusunda Çindən mütəxəssislər dəvət etmişik. Biz apardığımız tədqiqatları ictimaiyyətə çatdırırıq ki, ictimiayyət də öz münasibətini bildirə bilsin.

- Siz qeyd etdiniz ki, UNEC-də 31 tədqiqat mərkəzi var. “Elm həftəsi” isə 5 günü əhatə etdiyindən burada yalnız 5 mərkəzin iştirakı təmin olunmuşdur. Digər mərkəzlərlə bağlı da gələcəkdə bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulurmu?

- Əlbəttə. Müddət çox qısa olduğundan, təbii ki, burada bütün mərkəzlərin iştirakını təmin edə, fəaliyyətlərini lazımınca işıqlandıra bilməzdik. Hazırda 5 tədqiqat mərkəzinin burada iştirakı nəzərdə tutulursa, gələcəkdə digərlərinin də bu cür iştirakı təmin olunacaq. Biz gələcəkdə bu tədqiqat mərkəzlərinin tanıtımını şirkətlərdə, parklarda həyata keçirməyi planlaşdırırıq. Həmçinin, rayonlarda geniş kütlə qarşısında çıxış edərək insanları məlumatlandırmağı da nəzərdə tuturuq. Bizim də burada məqsədimiz aparılan tədqiqat işlərini özümüzə deyil, ictimaiyyətə tanıtdırmaqdır. Artıq Rusiyanın nüfuzlu universitetləri ilə tədqiqatlarımız var. Biz qarşılıqlı tədqiqatların aparılmasında maraqlıyıq. Bu yaxınlarda ADİU-da İslam Maliyyə Mərkəzi də təsis olundu. Buraya Kabardiya – Balkardan, Şimali Qafqazın digər bölgələrindən ciddi tədqiqatçılar müraciət etmişlər. Biz artıq bu tədqiqat mərkəzlərini lokal deyil, beynəlxalq mərkəzlərə dönüşdürmək niyyətindəyik.

Eyni zamanda, gələn il mart ayının 27-də baş tutacaq “Elm aylığı”nda da digər  mərkəzlərin iştirakı nəzərdə tutulur. Burada məqsəd həm hesabat, həm özünü tanıma, həm də tədqiqatlarla ictimaiyyəti tanış etməkdir. Bu aparılan tədqiqatların nəticələrinin beynəlxalq elmi bazalarda nəşri də nəzərdə tutulur. Biz bu tədbirlərlə bağlı kitab da nəşr edəcəyik.

- UNEC-də, ümumiyyətlə, elmi fəaliyyətin təşkili ilə bağlı gələcək planlar nədən ibarətdir?

- Bizim gələcək üçün planlarımız çoxdur. Məsələn, qeyd edim ki, UNEC-də Ekofizika tədqiqat mərkəzi açılanda ora çoxsaylı tələbələr müraciət etdilər. Orada işləmək arzusunda olduqlarını bildirdilər. Biz gələcəkdə bunların fəaliyyətlərinin, elmi tədqiqatlarının daha da güclənməsi üçün beynəlxalq qrand mərkəzləri ilə birgə çalışmalar da həyata keçirməyi planlayırıq.

Həmçinin, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində “Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” bəndinin icrası ilə əlaqədar UNEC-də bir sıra tədbirlər həyata keçirilib. Eyni zamanda, innovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit yaradılması, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi məqsədilə UNEC sahibkarlıq qurumları, texnologiya parkları ilə əməkdaşlıq çərçivəsində 500-dən çox sahibkarlıq qurumu, o cümlədən 60 iri müəssisə ilə əməkdaşlıq edir və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsini nəzərdə tutur.

Müsahibəni hazırladı:
Mətanət Hüseynova

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay