A

TED.az

“Tələbələrə mentorluq xidmətləri göstəririk. Onlar şəxsi maliyyə imkanları hesabına startapı müəyyən müddət davam etdirirlər. Amma maliyyə dəstəyi olmadığına görə, universiteti bitirən tələbə sonradan startapın üzərinə düşə bilmir”.

Bu sözləri TED.az-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən “İSE Start-up Club”un rəhbəri, UNEC Strateji İnkişaf Şöbəsinin müdiri Turan Süleymanov deyib.

“Bəzi layihələrimizdə digər universitetlərin tələbələri də iştirak edə bilərlər”

O, inkubasiya mərkəzinin startaplara göstərdiyi dəstəkdən danışarkən bildirib ki, klub UNEC-də oxuyan, startap ideyası olan hər kəsin üzünə açıqdır. Klubun yaradılması isə tələbələrin müraciətləri nəticəsində baş verib: “Müəllim olduğum üçün xeyli tələbə yaxınlaşır, startap ideyasının olduğunu deyir, məsləhət almaq istəyirdi. Hərəsinə ayrı–ayrı vaxt ayırmaqdansa, klub yaradıb kütləvi təlimlər təşkil etməyi qərara aldıq. Tələbələrə müxtəlif formada dəstək göstəririk. Öncə qeydiyyatdan keçərək bizə müraciət edənlərdən müəyyən komanda yığılır. Sonra onlara təlimlər keçirilir. Təlimlər biznes planın hazırlanması, məhsul və ya xidmət üçün marketinqin necə həyata keçirilməsi və digər mövzularla bağlı olur. Hər il startap müsabiqəsi keçirilir. Məqsədimiz ideyası olan tələbələrə fikirlərini reallaşdırmaları üçün müəyyən təlim, mentorluq xidmətlərinin göstərilməsi, müxtəlif müsabiqələrdə iştiraka təşviq edilmələridir. “İSE Start-up Club”a müraciət etmək üçün ilk növbədə UNEC tələbəsi olmaq lazımdır. Amma bəzi layihələrimizdə digər universitetlərin tələbələri də iştirak edə bilərlər”.

“Müraciət edənlərin startap ideyaları əsasən, İT sahə ilə əlaqədar olur”

Turan Süleymanov inkubasiya mərkəzində keçirilən təlimlərdən danışarkən bildirib ki, mərkəzdə Amerika təcrübəsinin öyrədilməsinə də önəm verilir: “Bu il iki seminar keçirdik. Təlimçilərdən biri Amerika Silikon vadisi təcrübəsinə sahib şəxs idi. O, tələbələrimizlə Amerika təcrübəsini bölüşdü. Təlim gələcəkdə hansı leqal quruluşdan hansı dəstəyi gözləmək, dövlət və özəl sektordan necə maliyyə əldə etmək, biznes planının hazırlanması ilə bağlı idi. Ümumiyyətlə, müraciət edənlərin startap ideyaları əsasən, İT sahə ilə əlaqədar olur. Məsələn ötən il onlayn yükdaşımaların təşkili, onlayn arenda məsələləri barədə startaplar vardı. Layihələrin bir qismi isə elektron bizneslə əlaqədardır. Startapçılar startapın üstünə tələbəlik illərində düşürlər. Məsələn, “Bumeranq” adlı uğurlu layihəmiz var. Bu layihədə iştirak edən tələbə hazırda Macarıstanda magistratura təhsili alır və artıq bu işlə məşğul ola bilmir”.

“İnkubasiya və akselerasiya prosesini vahid şəkildə əks etdirən kitab çap etdirməyi planlaşdırırıq”

İnkubasiya mərkəzinin rəhbəri hazırda “İSE startap Club”un nəznində yaradılan, bazarda sərbəst fəaliyyət göstərən startapın olmamasını maliyyə və şəhadətnamə məsələləri ilə  əlaqələndirib: “Startaplara şəhadətnamənin verilməsi işimizə dəstək olar, 5 il və daha çox müddətlərə vergilərdən azad olunarıq. Bir neçə startap komandasına bu istiqamətdə kömək etməyə çalışdıq, amma proses çox mürəkkəbdir. Bundan əlavə, Azərbaycanda vençur kapitalist çox azdır. Tələbələr şəxsi maliyyə imkanları hesabına startapı müəyyən müddət davam etdirir, maliyyə dəstəyi olmadığına görə, universiteti bitirəndən sonra bu işin üzərinə düşə bilmir. “İSE startap Club” cəmi 2 ildir fəaliyyət göstərsə də, bir neçə uğurlu layihəmiz də var. Gələcəkdə mentorluq xidməti keyfiyyətinin daha da artırılması, ölkədəki dövlət qurumları, inkubasiya və akselerasiya mərkəzləri ilə daha yaxşı əməkdaşlıq etmək istiqamətində iş görüləcək. Bununla yanaşı inkubasiya və akselerasiya prosesini vahid şəkildə əks etdirən kitab çap etdirməyi planlaşdırırıq. Ölkəmizdə belə bir ədəbiyyat yoxdur. Mayın sonuna qədər yeni bir turnir keçirməyi düşünürük. Bu istiqamətdə bəzi özəl və dövlət müəssisələri ilə də əlaqə saxlamışıq”.

Lamiyə SÜLEYMANLI

TOP XƏBƏRLƏR