UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsi və İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda məqalə müsabiqəsi keçirilib.
Tədbirdə kafedra müdiri dosent Suqra Hümbətova müsabiqənin təşkili mərhələləri, tələbələrin prosesdə böyük həvəslə iştirakı, təqdim olunan məqalələrin sayı və qiymətləndirilməsi prosesi barədə məlumat verib. Tələbələrin məqalə yazmaq bacarıqlarının formalaşdırılması, onların yaradıcı düşüncələrinin və tədqiqat nəticələrinin uğurlu təqdimatının vacibliyini vurğulayan S.Hümbətova tələbələrin bu istiqamətdə bilik və bacarıqlarının inkişaf etdirilməsinin prioritet istiqamətlərdən olduğunu diqqətə çatdırıb. O, tələbələrə müsabiqədə uğurlar arzulayıb.
Fakültənin dekan müavini dosent Müşrəvan Əliyev elm komitəsinin üzvü kimi müsabiqəyə daxil olan məqalələrin məzmunu, keyfiyyəti və qiymətləndirilməsi barədə fikirlərini iştirakçılarla bölüşüb.
Sonra tələbələr mövzu üzrə apardıqları tədqiqat nəticələrini təqdim ediblər. Müsabiqədə fakültənin tələbəsi Günay Musayevanın “Heydər Əliyevin məşğulluq və sosial siyasət kursu” adlı məqaləsi I yerə layiq görülüb. II yerin sahibi “Heydər Əliyev: İqtisadi strategiya modeli” adlı məqalə ilə Bənzərim Baxışova, III yerin isə “Müstəqillik dövründə Azərbaycanda reallaşdırılan investisiya siyasətinin prioritetləri”adlı məqaləsi ilə Famil Orucov olub.
Tədbirin sonunda tələbələr sertifikat və hədiyyələrlə təltif ediliblər.