Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tanınmış iqtisadçı-ekspert Eldəniz Əmirovun müəllifi olduğu “Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə UNEC əməkdaşları ilə yanaşı, millət vəkilləri, dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış politoloqlar, iqtisadçı ekspertlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirin açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov kitabın aktuallığını və iqtisadi əhəmiyyətini vurğulayıb. O bildirib ki, universitetdə keçirilən ən önəmli tədbirlərdən biri məhz kitab təqdimatlarıdır:
“İnvestisiya absorbsiyası” kitabı Azərbaycanın iqtisadi inkişafının mühüm mərhələsinə təsadüf edir. Hesab edirəm ki, bu vəsait Qarabağ və Şərqi Zəngəzurun investisiya cəlbediciliyinin artırılmasına mühüm töhfə verə bilər”. Rektor kitabda yer alan “Güzəştlər Vadisi” fəslini də xüsusi qeyd edib.
Kitabın müəllifi Eldəniz Əmirov çıxışında nəşrin hazırlanma prosesi və əhəmiyyəti barədə məlumat verib. O qeyd edib ki, əsərdə Azərbaycanın iqtisadiyyatının hansı həcmdə investisiyaları qəbul etməyə hazır olduğu, müxtəlif sahələrin real tutumu və mənimsəmə qabiliyyəti sistemli şəkildə təhlil olunub:
“Kitabda makroiqtisadi sabitlik, aparılan islahatlar və qeyri-neft sektorunun potensialı analitik yanaşma ilə təqdim edilib. Bu baxımdan əsər həm investorlar, həm də iqtisadi qərarvericilər üçün praktik əhəmiyyət daşıyır”.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkədə bərpa olunan enerji sektorunun inkişaf perspektivlərindən danışaraq, investisiya mühitinin yaxşılaşdırılmasının əhəmiyyətini vurğulayıb. O, kitabda təqdim olunan yanaşmaların investorlar üçün praktik əhəmiyyət kəsb etdiyini qeyd edib və davamlı enerji gələcəyində investisiyaların rolunu xüsusi diqqətə çatdırıb.
Daha sonra PAŞA Group və Caspian Capital Holding-də sədrin müşaviri Fuad İbrahimov, İqtisadi və Sosial Araşdırmalara Yardım İB-nin sədri Eyyub Kərimli, millət vəkilləri Vüqar İsgəndərov və Azər Badamov çıxış edərək “investisiya absorbsiyası” yanaşmasının əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, kitabda Azərbaycanın müxtəlif iqtisadi sahələrinin investisiya qəbul etmə imkanları və mənimsəmə qabiliyyəti sistemli şəkildə təqdim olunur və bu, investorlar üçün mühüm istiqamətləndirici mənbə rolunu oynayır.
Tədbirin sonunda iştirakçılar kitabla bağlı fikirlərini bölüşüblər.