A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Narkotiklərə yox deməyin 3 yolu: sağlam həyat, idman və yaradıcılıq” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir dövrdə gənclər arasında zərərli vərdişlərin yaratdığı ciddi sosial və sağlamlıq risklərindən geniş bəhs edib, narkotik maddələrin insanın fiziki və psixoloji sağlamlığına, intellektual inkişafına və gələcək həyat perspektivlərinə vurduğu ağır və çoxşaxəli fəsadları diqqətə çatdıraraq, bu kimi təhlükələrin qarşısının alınmasında erkən maarifləndirmənin, düzgün həyat seçimlərinin, sağlam həyat tərzinin, müntəzəm idman fəaliyyətinin və yaradıcılığın təşviqinin mühüm və səmərəli vasitələr olduğunu vurğulayıb.

Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının assistenti Lalə Qasımova çıxış edərək, narkotik maddələrin insan orqanizminə, xüsusilə mərkəzi sinir sistemi, psixoloji sağlamlıq və davranış funksiyalarına göstərdiyi dağıdıcı və uzunmüddətli təsirlərdən danışıb, asılılığın formalaşma mexanizmini elmi əsaslarla izah edərək, bu maddələrin yalnız fiziki deyil, həm də sosial izolyasiya, motivasiya itkisi və şəxsiyyət deformasiyası kimi ciddi fəsadlara səbəb olduğunu bildirib, eyni zamanda sağlam həyat tərzinin formalaşdırılması, müntəzəm idman fəaliyyəti və yaradıcılıqla məşğuliyyətin gənclərdə stressə davamlılığı artırdığını, emosional boşluğun qarşısını aldığını və narkotik maddələrə qarşı profilaktik qalxan rolunu oynadığını qeyd edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, onlara sağlamlığın qorunması və sağlam həyat tərzi barədə tibbi tövsiyələr verilib.

TOP XƏBƏRLƏR