21 aprel 2026-cı il tarixində Mühəndislik fakültəsində "Şəhərsalma və memarlıq ili"nə həsr olunmuş seminar keçirilib.
Müəllim və tələbələrin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə açan dekan müavini Sevinc Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2026-cı ilin "Şəhərsalma və memarlıq ili" elan edilməsini iştirakçıların nəzərinə çatdırıb. Bildirib ki, 2026-cı ildə dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın göstəricisidir.
Seminarda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Lalə Quliyeva “Ekoloji planlaşdırma: Ağıllı kənd və şəhərlər” mövzusunda təqdimatla çıxış edib. Məruzədə dayanıqlı inkişaf prinsipləri, urbanizasiyanın gətirdiyi problemlərin həllində memarlıq və şəhərsalma rolu müzakirə edilmiş, sənaye zonalarının regenerasiyası və ekoloji aspektləri diqqətə alınmış, balanslaşdırılmış inkişaf, rəqəmsal transformasiya və gələcək nəsillər üçün planlama müzakirə olunub.
Sonda mövzu ətrafında fikirlər dinlənilib, verilən suallar cavablandırılıb.