A

azpolitika.info

Son illərdə Azərbaycan ali təhsil sistemində həyata keçirilən islahatlar və beynəlxalq inteqrasiya istiqamətində atılan addımlar öz real nəticələrini verməkdədir. Bu uğurların ən parlaq nümunələrindən biri də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)-in beynəlxalq reytinqlərdə qazandığı yüksək mövqelərdir. 

"AzPolitika" xəbər verir ki, nüfuzlu "SCImago Institutions Rankings" qiymətləndirməsinə əsasən UNEC Avropa universitetləri arasında bir sıra mühüm istiqamətlər üzrə ön sıralarda qərarlaşıb (Bax: https://www.scimagoir.com/institution.php?idp=12708).

Reytinq nəticələrinə görə UNEC aşağıdakı sahələr üzrə Avropada yüksək yerlər tutmuşdur:

-Economics, Econometrics and Finance – Avropada 16-cı yer;

-Business, Management and Accounting – Avropada 22-ci yer;

-Social Sciences – Avropada 72-ci yer.

Eyni zamanda qeyd olunan bütün istiqamətlər üzrə UNEC Azərbaycanda 1-ci yerə layiq görülmüşdür. 

Bu fakt universitetin ölkə daxilində lider mövqeyini bir daha təsdiqləməklə yanaşı, beynəlxalq akademik mühitdə də rəqabət qabiliyyətini nümayiş etdirir.

UNEC-in əldə etdiyi nəticələr təsadüfi deyil və bir sıra strateji yanaşmaların məntiqi nəticəsidir. Burda aşağıdakıları qeyd etmək olar:

  1. Elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi. Universitetdə son illərdə beynəlxalq jurnallarda nəşrlərin sayının artması, elmi layihələrin genişləndirilməsi və tədqiqat mərkəzlərinin yaradılması reytinq göstəricilərinə müsbət təsir göstərmişdir.
  2. Rəqəmsallaşma və innovasiya. Tədris və idarəetmə proseslərinin rəqəmsallaşdırılması UNEC-i regionda innovativ ali təhsil müəssisələrindən birinə çevirib. Bu isə beynəlxalq qiymətləndirmələrdə mühüm meyar kimi çıxış edir.
  3. Beynəlxalq əməkdaşlıq. Xarici universitetlərlə ikili diplom proqramları, mübadilə layihələri və birgə tədqiqat təşəbbüsləri UNEC-in qlobal akademik şəbəkədə mövqeyini gücləndirib.
  4. İnsan kapitalına yatırım. Müasir dövrdə universitetlərin uğuru birbaşa insan kapitalının keyfiyyətindən asılıdır. UNEC-də professor-müəllim heyətinin inkişafı, gənc tədqiqatçıların dəstəklənməsi və tələbəyönümlü təhsil modeli bu uğurun əsas dayaqlarındandır.

Qeyd edək ki, UNEC-in Avropa reytinqlərində ön sıralarda yer alması yalnız universitet üçün deyil, bütövlükdə Azərbaycanın ali təhsil sistemi üçün strateji əhəmiyyət kəsb edir. Bu nəticə Azərbaycanın təhsil brendinin beynəlxalq səviyyədə tanınmasına, xarici tələbələrin ölkəyə cəlb olunmasına, elmi-tədqiqat potensialının güclənməsinə və əmək bazarı üçün daha rəqabətli insan kapitalının formalaşmasına töhfə verir.

UNEC-in əldə etdiyi bu uğur ölkədə aparılan təhsil siyasətinin və universitetin strateji inkişaf modelinin düzgün istiqamətdə olduğunu göstərir. Qarşıdakı dövrdə bu mövqelərin daha da möhkəmləndirilməsi və yeni nailiyyətlərin əldə olunması üçün innovasiya, beynəlmiləlləşmə və keyfiyyətin davamlı yüksəldilməsi əsas prioritetlər olaraq qalacaqdır.

Bu nəticələr bir daha sübut edir ki, UNEC artıq təkcə milli deyil, həm də Avropa miqyasında rəqabət aparan və söz sahibi olan ali təhsil müəssisəsinə çevrilməkdədir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay