A

XXI əsrin əvvəllərindən başlayan ekoloji problemlər 2020-ci ildən daha da kəskinləşməyə, dövlət və özəl sektorlara təsirini artırmağa başladı və eyni dövrdə başlayan COVİD-19 pandemiyası qlobal miqyasda durğunluq yaratdı.

2021-ci il Davos iqtisadi forumunda elan olunan “RESET”, yəni yenidən başlama strategiyası pandemiyanın yaratdığı sosial çətinliklərlə bağlı töhvələr versə də, 2021-ci ildə pandemiya ilə mübarizə üçün dünya bazarlarına səpələnmiş böyük pul kütləsi 2021-ci il qlobal inflyasiya böhranına səbəb oldu.  Təbii ki, ölkəmizin də dünya iqtisadiyyatına inteqrasiya etməsi  baş verən proseslərdən təsirləndi. Bunları nəzərə alaraq, Azərbaycanda 2025-ci ilə kimi milli iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və şaxələndirmək üçün “yol xəritəsi” və “strateji plan”lar hazırlandı.

2020-ci ildə pandemiya səbəbindən iqtisadiyyata olan basqı, 2-ci Qarabağ müharibəsindən sonra da artdı. İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin kritik olması və bütün iqtisadi infrastrukturun yoxdan yenidən yaradılması kimi problemlər iqtisadiyyata öz təsirini göstərdi.  Bu səbəbdən Azərbaycan Respublikasının prezidenti 2021-ci ildə işğaldan azad olunmuş əraziləri “yaşıl inkişaf əraziləri” elan etdi və bu bölgələrdə “yaşıl iqtisadiyyat” və “dayanıqlı inkişaf” konsepsiyası həyata keçirilməyə başladı. Bütün bu proseslər “Ağıllı kənd” layihəsi ilə başladı.

“Ağıllı şəhər” və “ağıllı kənd”in bünövrəsini IV Sənaye İnqilabının əşyaların interneti, bulud texnologiyaları, süni intellekt, robot, böyük verilənlər və s. elementləri olan müasir texnologiyalar təşkil edir.

Yaşıl iqtisadiyyat – ekoloji davamlılığı təmin edən, məhsul və xidmətlərin istehsal və istehlakını, eyni zamanda yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tutan anlayış kimi şərh edilir. Bu məsələyə fəlsəfi-sosioloji cəhətdən yanaşdıqda ekoloji davamlılıq təmin edilərkən sosial-iqtisadi inkişaf, gəlirlərin artımı, məşğulluq, və yoxsulluğun azaldılması düşünülür. Avropa tədqiqatçıları isə yaşıl iqtisadiyyatın davamlı istehsal-istehlak, enerji səmərəliliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılması və insanların rifahının yaxşılaşdırılması ilə sıx bağlı olduğunu qeyd edirlər.

Qeyd etmək istərdim ki, Azərbaycanda bu strategiyaya əsasən kəndlərin bərpa və quruculuq işləri baxımından 5 əsas komponentdən ibarətdir:

  1. Yaşayış. Bu komponentə kənd ərazisində ekoloji təmiz materiallardan istehsal edilmiş və ətraf mühitə az ziyan vuran 200 ədəd ekoloji izolyasiya edilmiş evlərin tikintisi daxildir.
  2. İstehsal. Bu komponentə kənd ərazisində istehsal müəssisələrinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulub. İstehsal amili kəndin öz daxili tələbatını ödəməklə yanaşı, gələcəkdə rayona daxil olan digər kəndlərin də təmin edilməsini öz üzərinə götürüb.
  3. Sosial xidmət. Bura kənd ərazisində dövlət və sosial xidmət işinin təşkili daxildir. Şərqi Zəngəzur “DOST Aqropark”ının və səyyar ASAN Xidmətin yaradılması ilə sosial xidmətlər daha da inkişaf etdirildi.
  4. Ağıllı kənd təsərrüfatı.Belə ki, kənddə süni intellekt və dron texnologiyasının istifadə edilməsi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi qarşıya qoyulmuş əsas məqsəddir. Bu komponentə həmçinin ekoloji təmiz gübrələrdən və bərpaedilən tükənməz resurslardan istifadə daxildir. Bunun üçün kənd ərazisində “Ağıllı idarəetmə mərkəzi” və databazalar yaradılıb.
  5. Alternativ enerji. Burada əsasən kiçik ölçülü günəş, külək və su elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulmuşdur. Bu enerji stansiyaları vasitəsi ilə kəndin əhalisi həm öz məişət enerji ehtiyaclarını, həm də istehsal üçün lazım olan enerji təminatını tam ödəməli və qonşu ərazilərə enerji ixrac etməlidir.

Nəticə etibarı ilə dövrümüzün ən vacib problemlərindən biri olan dekarbonizasiya prosesinin sürətləndirilməsi və ölkəmizin dünya arenasında qeyri neft sektorunda mühüm əhəmiyyət kəsb edəcək uğurlara imza atması hər bir vətənpərvər gəncin və vətəndaşın məqsədidir.

Hüseyn Nağıyev, 

UNEC-in  Biznes və menecment fakültəsinin

II kurs, 902-ci qrup tələbəsi 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay