UNEC Kitabxana-İnformasiya Mərkəzinin 24/7 kitabxanasında UNEC Yaradıcılıq Mərkəzi ilə birgə 20 yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva tədbiri giriş sözü ilə açaraq, 35- ci il dönümünü qeyd etdiyimiz 20 yanvar hadisələrinin xalqımızın taleyində yeri və acı nəticələrindən bəhs edib. Hər bir millətin özünüdərk prosesində, xüsusilə böyüməkdə olan nəslin vətənpərvərlik və dövlətçilik təfəkküründə kitabların və mütaliənin əvəzsiz rol oynadığını qeyd edən Adilə Abdullayeva 20 yanvar faciəsi barədə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında müxtəlif dillərdə çap edilmiş kitabların nəşrinin əhəmiyyətinə diqqət çəkib. O, UNEC-də 20 yanvar faciəsi barədə virtual kitab sərgisi barədə məlumat verərək, gəncləri bu kitablarla yaxından tanış olmağa və faciənin əsl həqiqətləri barədə dəqiq faktları şahidlərin dilindən öyrənməyə və təbliğ etməyə çağırıb.
UNEC Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov Azərbaycan xalqının azadlıq hərəkatında və dövlət müstəqilliyinin əldə olunmasında 20 yanvar hadisələrinin rolundan bəhs edib. O, qanlı yanvarda azərbaycanlılara qarşı törədilən cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasında və hadisəyə hüquqi qiymət verilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərdə dövlət institutları ilə yanaşı, yaradıcı insanların imkanlarının da böyük əhəmiyyət daşıdığını qeyd edib.
Əsaslı kitabxananın müdir müavini Yusif Musayev 20 yanvar faciəsini Azərbaycan xalqının azadlıq yolunda qəhrəmanlıq və birlik salnaməsi kimi xarakterizə edərək, imperialist qüvvələrin dinc sakinlərə qarşı törətdiyi cinayət əməllərinin o zaman Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev tərəfindən ciddi qınanıldığını xatırlatmış və ilk dəfə məhs Ümummilli Lider tərəfindən hadisəyə siyasi qiymət verildiyini vurğulayıb.
24/7 Kitabxananın müdiri Arzu Məmmədova dünyaca məşhur fotojurnalist Reza Deqatinin 2014-cü ildə ingilis və fransız dillərində nəşr olunan “Günahsızların qətliamı” (“Massacre of the Innocents”) kitabından bəhs edərək, onu "Qara Yanvar"la bağlı dünya miqyasında çap olunmuş mühüm faktlarla zəngin sənəd kimi təqdim edib və faciə ilə bağlı canlı xatirələrini bölüşüb.
Tədbirin davamında UNEC Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin üzvləri Rəvan Əliyev, Hüseyn Şükürov, Rəfiqə Caniyeva, Jalə Əkbərli və Röya Məmmədova 20 yanvar faciəsinə həsr olunmuş bədii kompozisiya nümayiş etdirib və şeirlər səsləndiriblər.
Sonda tədbir iştirakçıları qanlı həqiqətləri özündə əks etdirən kitablarla tanış olublar və kitabxana könüllülərinin hazırladığı Reza Deqatinin “Qara Yanvar” kitabında yer almış məşhur fotolardan ibarət videoçarxı izləyiblər.