UNEC-də tələbəyönümlü universitet modelinin inkişafı istiqamətində növbəti mühüm yeniliyə start verilib. Belə ki, universitetdə “Tələbə-dekan” seçkilərinə başlanılır.
Seçkilərin əsas məqsədi tələbələrin fakültə səviyyəsində idarəetmədə iştirakını artırmaq, tələbə həyatının keyfiyyətini yüksəltmək və tələbə–rəhbərlik əməkdaşlığını daha da gücləndirməkdir.
“Tələbə-dekan fəaliyyəti və seçkilərin keçirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq hər fakültə üzrə 1 tələbə dekan seçiləcək. Namizədlər UNEC-də əyani təhsil alan, akademik borcu olmayan, ÜOMG göstəricisi 71-dən yuxarı olan və I–III kurslarda təhsil alan tələbələr arasından müəyyən ediləcək.
Seçki prosesinə əsasən, namizədlərin qeydiyyatı seçkilərə 20 gün qalmışa qədər yekunlaşacaq, seçkilərə 10 gün qalmış isə onlar onlayn müsahibədən keçəcəklər. Qeydiyyatdan keçən tələbələr arasından ÜOMG göstəricisinə görə ən yüksək nəticəyə malik 10 nəfər səsverməyə buraxılacaq. Namizədlər seçkilərə 2 gün qalmışa qədər təhsil aldıqları fakültələrdə təbliğat-təşviqat kampaniyası apara biləcəklər. Təbliğat yalnız fakültənin sosial media hesablarında və elan lövhələrində həyata keçiriləcək.
Seçkilər gizli səsvermə yolu ilə keçiriləcək və nəticələr 60 faiz tələbələrin, 40 faiz isə fakültə rəhbərliyinin səs payı əsasında müəyyən olunacaq.
Seçki təqviminə əsasən, 15–17 aprel 2026-cı il tarixlərində fakültələrdə “Tələbə-dekan” seçkiləri ilə bağlı məlumatlandırma aparılacaq. 17–27 aprel tarixlərində namizədlərin elektron qeydiyyatı həyata keçiriləcək, 27 aprel – 4 may tarixlərində onlayn müsahibələr təşkil olunacaq. 4–18 may tarixlərində müsahibədən uğurla keçən namizədlərin təqdimatı çərçivəsində videoçarxlar, sosial şəbəkələrdə canlı yayımlar, posterlər və radio çıxışları təşkil ediləcək. 22 may 2026-cı il tarixində isə tələbələrin şəxsi kabinetləri vasitəsilə 10 saat davam edəcək onlayn səsvermə keçiriləcək.
Tələbələrimizi seçkilərdə fəal iştirak etməyə və fakültələrinin inkişafında söz sahibi olmağa dəvət edirik.