UNEC Kitabxana-İnformasiya Mərkəzi və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsi, Türk dünyası iqtisad fakultəsi və Rus iqtisad məktəbində təhsil alan tələbələr və elmi-pedaqoji heyət üçün “Elektron resurslardan istifadə bacarıqlarının artırılması” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d. Adilə Abdullayeva açaraq təlimin keçirilməsində əsas məqsədin təhsilalanlar və əməkdaşların sənəd-informasiya resurslarına əlyetərliyinin artırılmasından ibarət olduğunu vurğulayıb. A.Abdullayeva elektron kitabxana, abunəliyi təmin edilmiş tammətnli və analitik məlumat bazalarından, o cümlədən Azərbaycanda ilk dəfə UNEC-in qoşulduğu ProQuest Dissertations & Theses Global (PQDT) platformasından istifadə qaydalarını əyani şəkildə təlim iştirakçılarına nümayiş etdirib.
Kitabxana-İnformasiya Mərkəzinin müdir müavini, “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Yusif Musayev UNEC kitabxanalarında oxucular üçün təqdim olunan hibrid xidmətlər, universitetdə yaradılan əlverişli mühit və cari fondda yer alan aktual nəşrlərin tələbələrin keyfiyyətli təhsili və tədqiqat imkanlarının genişləndirilməsi ilə yanaşı, mənəvi-estetik zövqünün formalaşmasına da xidmət etdiyini diqqətə çatdırıb.
İnteraktiv formada keçirilən təlim zamanı əməkdaş və tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.