8-13 sentyabr tarixlərində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunun Xuray kəndində yerləşən “Təhsil” istirahət mərkəzində “Yay Düşərgəsi 2025” təşkil olunub.
Düşərgədə ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan və həmkarlar ittifaqının üzvü olan 700-ə yaxın tələbə iştirak edib. UNEC tələbələri də düşərgədə fəallıqları ilə seçiliblər.
Proqram çərçivəsində iştirakçılar üçün futbol, voleybol, şahmat və debat yarışları, intellektual müsabiqələr, konsert proqramları, flaşmob, maarifləndirici təlimlər, müxtəlif görüşlər təşkil olunub. Tədbirin əsas məqsədi tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların sosial aktivliyinin artırılması və şəbəkələşmə imkanlarının genişləndirilməsi olub.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev bildirib ki, UNEC-in fəal və istedadlı tələbələri düşərgənin bütün fəaliyyətlərində uğurla iştirak ediblər. UNEC komandası voleybol və şahmat yarışlarının qalibi olub, futbol turnirində isə III yerə layiq görülüb.
İ.Əliyev əlavə edib ki, “Yay Düşərgəsi 2025” tələbələrin yeni dostluqlar qurması, müxtəlif təhsil müəssisələrinin nümayəndələri ilə təcrübə mübadiləsi aparması və sosial bacarıqlarını inkişaf etdirməsi baxımından mühüm əhəmiyyət kəsb edib.