UNEC-in Türk Dünyası İqtisad (TUDİFAK) fakültəsində tələbələrin rəqəmsal savadlılığını artırmaq məqsədilə “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi gənclərdə rəqəmsal təhlükəsizlik vərdişlərinin formalaşdırılması, kibertəhlükələrə qarşı düzgün davranış qaydalarının aşılanması və müasir risklər barədə məlumatlılığın artırılması olub.
Maarifləndirici görüşdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova və "İqtisadiyyat və işlətmə" kafedrasının baş müəllimi Bəsti Əliyeva iştirak ediblər.
Kibertəhlükəsizlik üzrə mütəxəssislərin təqdimatında şəxsi məlumatların qorunması, kibercinayətkarlıqla mübarizə yolları, güclü parollardan istifadə və çoxmərhələli identifikasiya metodları kimi mövzular haqqında tələbələrə ətraflı məlumat verilib.
Tələbələrə real həyatda qarşılaşa biləcəkləri kibertəhlükə ssenariləri təqdim olunub, praktik məsləhətlər verilib və onları maraqlandıran suallar cavablandırılıb.