Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İsgandarov and Partners, MMC şirkəti ilə əməkdaşlıq çərçivəsində “Təchizat zəncirinin idarə edilməsi və logistika” və “Əməliyyatların idarə edilməsi” sahələrində ixtisasartırma sertifikat proqramlarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Fuad Qasımov İsgandarov & Partners MMC ilə həyata keçirilən bu əməkdaşlığın tələbə və məzunlara praktik bilik və bacarıqlar qazandıracağını, onların real iş mühitinə inteqrasiyasını asanlaşdırmaq baxımından mühüm rol oynayacağını bildirib.
Sonra Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdir müavini Rüstəm Əkbərli və Sosial əməkdaşlıq şöbəsinin böyük mütəxəssisi Səbinə Ağayeva qeyd ediblər ki, ixtisasartırma proqramları gənclərə praktiki biliklər qazandıraraq onların əmək bazarına uğurlu inteqrasiyasına töhfə verəcək.
Təqdimat zamanı İsgandarov and Partners, MMC-nin təsisçisi və direktoru Kamran İsgəndərov proqramlar haqqında ətraflı məlumat verib. O, tədris modulları, təlim müddəti, iştirakçılara təqdim ediləcək sertifikatların beynəlxalq tanınma imkanları və əmək bazarındakı üstünlüklər barədə danışıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və UNEC ilə İsgandarov & Partners, MMC arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
 
															

 
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
   
  