UNEC Karyera və İnkişaf Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin II tədris binasında “Mənəvi dəyərlər və peşəkar uğur – Tarazlıq necə qurulur?” mövzusunda xüsusi təlim keçirilib.
Tədbirin açılışını Azərbaycan Dövlət İqtisad Universitetinin II kurs tələbəsi və UNEC Karyera və İnkişaf Təşkilatının İqtisadiyyat və İdarəetmə fakültəsi üzrə sədri Heyran Ağayeva edib. O, çıxışında təşkilatın missiyası, tələbələrin şəxsi və peşəkar inkişafına verdiyi töhfələr, karyera yönümlü fəaliyyətlərin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib və tədbirin əhəmiyyətini vurğulayıb.
Təlimin əsas qonağı – yazıçı, psixoloq və filosof Rövşən Abdullaoğlu tələbələrlə mənəvi dəyərlərin şəxsi inkişaf və peşəkar uğurla qarşılıqlı əlaqəsi barədə maraqlı çıxış edib. O, daxili harmoniyanın insanın gündəlik həyatı və iş fəaliyyətinə təsirindən, məqsəd və dəyərlərin uyğunluğunun uğur üçün əsas amillərdən biri olmasından bəhs edib. Auditoriya ilə interaktiv ünsiyyət təlimi daha təsirli və dinamik edib.
Təlim iştirakçıların sualları ilə davam edib. Tələbələr şəxsi inkişaf, psixoloji balans, motivasiya və karyera planlaması ilə bağlı suallar ünvanlayaraq ətraflı cavablar alıblar. Tədbirin sonunda imza saatı təşkil olunub və tələbələr Rövşən Abdullaoğlu ilə fərdi görüş imkanı əldə ediblər.
Günün sonunda tələbələr dəyərli bilik və motivasiya ilə zəngin bir görüşün sevincini yaşayıblar. UNEC Karyera və İnkişaf Təşkilatı tələbələrin inkişafına yönəlmiş daha bir uğurlu tədbirini yekunlaşdırmış olub.