A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində abituriyentlər və onların valideynləri üçün “Açıq qapı” günü təşkil olunub.

Tədbirin məqsədi abituriyentləri fakültənin tədris imkanları, maddi-texniki bazası, beynəlxalq əməkdaşlıq proqramları və tələbə həyatı ilə yaxından tanış etmək olub.

“Açıq qapı” günü çərçivəsində ziyarətçilər əvvəlcə UNEC-in 3 saylı tədris binasında yaradılmış müasir infrastrukturla tanış olublar. Onlara universitetin laboratoriyaları, kitabxanası, auditoriyaları, innovativ tədris məkanları və tələbələrin istifadəsinə verilən sosial zonalar barədə ətraflı məlumat təqdim edilib.

Daha sonra abituriyentlər və valideynlərlə görüş keçirilib. Görüş zamanı Mühəndislik fakültəsində tədris olunan ixtisaslar, təhsil proqramlarının məzmunu, istehsalat təcrübəsi imkanları, əmək bazarının tələblərinə uyğun hazırlıq prosesi və məzunların karyera perspektivləri barədə məlumat verilib.

Eyni zamanda iştirakçılara UNEC-də həyata keçirilən beynəlxalq ikili diplom proqramları, tələbə mübadilə imkanları, UDİD, MİNOR proqramı, xarici universitetlərlə əməkdaşlıq layihələri və tələbələrin fərdi inkişafına yönəlmiş digər üstünlüklər təqdim olunub.

Tədbir çərçivəsində abituriyentlər fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə birbaşa ünsiyyət qurmaq imkanı əldə ediblər. Görüşdə dünyanın ən yaxşı 2 faiz alimi siyahısında yer alan UNEC-in dosenti Tural Nağıyev də iştirak edərək tələbələr üçün yaradılan elmi-tədqiqat imkanları, mühəndislik təhsilinin müasir çağırışları və bu sahədə peşəkar inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR