“Həftənin kitabı” layihəsi bu buraxılışında “Excel cibinizdə” kitabını təqdim edir.
Kitabın müəllifi Rəşad Qurbanov və Kamal Mustafayevdir.
Vəsait Microsoft Excel proqramını effektiv və sürətli şəkildə mənimsəmək, həmçinin gündəlik iş prosesində qarşıya çıxan çətinlikləri dərhal həll etmək istəyənlər üçün hazırlanmış praktik stolüstü bələdçidir. Nəşrdə Excel-in əsas menyuları, ən çox istifadə olunan mühüm funksiyaları, qısa yolları və məlumat analizi alətləri sadə, anlaşıqlı dildə şərh olunur.
Kitabın əsas üstünlüyü onun tamamilə yerli iş mühitinə uyğunlaşdırılması, nümunələrin və praktiki tapşırıqların Azərbaycan dilində, habelə hər bir addımın vizual ekran görüntüləri (skrinşotlar) ilə müşayiət olunmasıdır. Nəşrin kompakt ölçüsü sayəsində oxucu-istifadəçi bu bələdçini hər zaman yanında daşıya, funksiya və formulların tətbiqi zamanı yaranan suallara yerindəcə operativ cavab tapa bilər.
Dərs vəsaiti Excel-i sıfırdan öyrənən yeni başlayanlar, biliklərini sistemləşdirmək istəyən mütəxəssislər, tələbələr, maliyyəçilər, menecerlər və data analitikası ilə məşğul olan hər bir şəxs üçün meyar mənbə rolunu oynayır.
“Excel cibinizdə” kitabı 2025-ci ildə “EVEREST” Nəşriyyat evində çapdan çıxıb. Dərs vəsaiti 228 səhifədir. Oxucu-istifadəçilər kitabla UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.