UNEC-in Biznes və menecment fakültəsində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlişində KOS-un payı və investisiya imkanları” mövzusunda elmi seminar təşkil olunub.
Seminarda professor-müəllim heyəti ilə yanaşı, tələbələr də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Biznes və logistika kafedrasının müdiri, dosent Məhəmməd Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən uğurlu bərpa və quruculuq siyasətindən danışıb. O, bölgədə dövlət tərəfindən yaradılan müasir infrastrukturdan, sahibkarlar üçün formalaşdırılan əlverişli investisiya mühitindən və iqtisadi inkişaf perspektivlərindən bəhs edib.
Biznes və logistika kafedrasının professoru Müşfiq Quliyev çıxışında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında kiçik və orta sahibkarlığın (KOS) yeni iş yerlərinin yaradılmasında, yerli istehsalın inkişafında, kənd təsərrüfatı və emal sənayesinin genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Professor Müşfiq Quliyev həmçinin bölgədə mövcud investisiya imkanlarını təhlil edərək, gələcək inkişaf perspektivləri ilə bağlı təkliflərini iştirakçıların diqqətinə çatdırıb.
Seminar iştirakçıların suallarının cavablandırılması və mövzu ətrafında müzakirələrin aparılması ilə başa çatıb.