A

UNEC-in Biznes və menecment fakültəsinin məzunu, BP-nin Budapeşt ofisində Senior Procurement Analyst vəzifəsində çalışan, Azərbaycan-Macarıstan Məzunları Birliyinin sədri, ASAP – Azərbaycan Tələbələr və Məzunlar Platformasının İdarə Heyətinin üzvü Mirgünay Bayramova ilə tələbələrin görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Mirağa Əhmədov belə görüşlərin tələbələr üçün motivasiya mənbəyi olduğunu bildirib. O, məzunların uğur hekayələrinin tələbələrin təhsil imkanlarının genişlənməsinə və şəxsi inkişafına müsbət təsir göstərdiyini vurğulayıb.

Görüş zamanı M.Bayramova tələbələrlə öz təcrübələrini bölüşərək nəzəri biliklərlə yanaşı xarici dil biliklərinin, liderlik, ünsiyyət və qərarvermə bacarıqlarının əhəmiyyətindən danışıb. O, tələbələrə bu bacarıqların inkişaf etdirilməsi istiqamətində tövsiyələr verib.

O, magistr təhsilini Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı – “Stipendium Hungaricum” çərçivəsində tamamladığını və hazırda həmin universitetin fəxri məzunu olduğunu diqqətə çatdırıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR