Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “1918-ci il mart hadisələri: tarixi həqiqətlər və faktlar” mövzusunda seminar keçirilib.
Tədbirdən öncə soyqırımı qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarı giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, 1918-ci il mart hadisələrinin Azərbaycan xalqının tarixində ən faciəli və unudulmaz səhifələrdən biri olduğunu xüsusi vurğulayaraq, bu tarixi həqiqətlərin obyektiv şəkildə araşdırılmasının, gənc nəslə düzgün və dolğun formada çatdırılmasının, milli yaddaşın qorunub saxlanılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və belə maarifləndirici tədbirlərin tələbələrin vətənpərvərlik ruhunda formalaşmasına, onların milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə və tariximizə daha həssas yanaşmasına əhəmiyyətli töhfə verəcəyini bildirib.
“Humanitar fənlər” kafedrasının dosenti Cəmilə Həsənova çıxış edərək 1918-ci il mart hadisələrinin tarixi kökləri, başvermə səbəbləri və nəticələri barədə ətraflı məlumat verib, bu faciənin Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb, həmçinin arxiv sənədləri və tarixi mənbələr əsasında bu hadisələrin mahiyyətinin öyrənilməsinin vacibliyini vurğulayaraq, gənclərin tarixi həqiqətlərə əsaslanan biliklərə yiyələnməsinin əhəmiyyətini qeyd edib.
Seminarın sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.