A

2 fevral Gənclər Günü münasibəti ilə UNEC-də  Distant, qiyabi və əlavə təhsil mərkəzinin (DQƏTM) Tələbə Elmi Cəmiyyətinin (TEC) dəstəyi ilə qiyabi təhsil alan tələbələr üçün Azərbaycan Skautlar Assosiasiyasının təqdimatı keçirildi.

Tədbirdə tələbələrlə iş üzrə Prorektor dos. Səadət Qəndilova, Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, UNEC üzrə Azərbaycan Skautlar Assosiaisyasının təmsilçisi Rza Məmmədzadə, Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvü, "Xəzri Səyyah Skautlar Dəstəsi"nin Lideri Orxan Nuri və Azərbaycan Skautlar Assosiasiyasının Qafqaz Dəstə Lideri Aqil Ənvərli iştirak etmişdir.

Tədbirdə prorektor dos. Səadət Qəndilova ilk öncə tələbələri Gənclər Günü münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Skautinq hərəkatının gənclərə yaratdığı imkanlardan yararlanmağa, təşkilat tərəfindən Azərbaycanın müxtəlif regionlarında keçirilən düşərgələrdə qeyri-formal təhsil, bilik və müxtəlif bacarıqlar əldə etmək mümkün olduğunu müsbət qarşılayaraq tələbəlik illərini səmərəli keçirtmək məqsədi ilə təşkilatın bir sıra tədbirlərində, layihələrində iştirak etməyə dəvət etdi.

Daha sonra Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev çıxış edərək Azərbaycan Skautlar Assosiasiyasının UNEC tələbələri ilə ilk görüşünü məhz qiyabi təhsil alan tələbələrlə etməsindən məmnun olduğunu, bu assosiyasiyanın fəaliyyət məqsədlərindən də biri kimi tələbələrin vətənpərvərlik hisslərinin yüksəlməsində, dünyagörüşlü və kamil gənclərin formalaşmasında, həmçinin tələbələrin sosial həyatının və asudə zamanlarının daha aktiv və dəyərli keçirilməsində mühüm işlər görəcəyinə ümid etdiyini bildirdi. Skautlar assosiyasiyasının fəaliyyətində UNEC-də qiyabi formada təhsil alan tələbələrinin aktiv olacaqlarına əmin olduğunu və bu istiqamətdə mərkəz tərəfindən lazımi dəstəyin göstərilməsinə hazır olduqlarını bildirdi.

UNEC üzrə Azərbaycan Skautlar Assosiasiyasının təmsilçisi Rza Məmmədzadə  tələbələrə təşkilat barədə ilkin məlumatları çatdırdı. Təşkilatın yaranma tarixi, fəaliyyəti, loqosu barədə təfərrüatları qeyd etdi. Dünyanın 170-dən çox ölkəsində 50.000.000 skaut olduğunu və dinindən, irqindən, tutduğu siyasi mövqeyindən aslı omayaraq tədbirlərdə bir araya gəldiklərini bildirdi. Həmçinin xarici ölkələrdə, sosial aksialarda, yürüyüşlərdə, sərgilərdə iştirak imkanları barədə vurğuladı. Təmsilçinin sözlərinə görə qiyabi təhsil alan tələbələr üçün keçirilən təqdimatdan sonra artıq Skaut Hərəkatı UNEC-in bütün fakültələrində fəaliyyət göstərir.

Azərbaycan Skautlar Assosiasiyasının Milli Komitə üzvü, "Xəzri Səyyah Skautlar Dəstəsi"nin Lideri Orxan Nuri isə ilk öncə fəth etdiyi Dünyanın və Azərbaycanın ən yüksək zirvələri , o cümlədən, Afrika qitəsinin ən hündür zirvəsi olan Kilimandjaro dağı (5.895 m.), Avropa qitəsinin ən hündür zirvəsi olan Elbrus dağı (5.643 m.) həmçinin Azərbaycanda ən hündür zirvə olan Bazardüzü (4.466 m),  həmçinin, Şahdağ (4.243 m) və diğər yerlər barədə məlumat verdi. Bu və digər yerlərdə Azərbaycan Respublikasının habelə Azərbaycan Skautlar Assosiasiyasının bayrağını dalğalandıran alpinist öz təcrübəsini tələbələrlə bölüşdü. Skaut Hərəkatının mövcud olan 3 prinsipi, 10 qanunu, dəyərləri, skaut Salamlaşması və devizi haqqında məlumatları çatdırdı. 

Nəzərinizə çatdırmaq istərdik ki, tədbirdə 50-dən çox tələbə iştirak etdi. Əksər tələbələr təşkilata üzv olmaq üçün müraciət etdilər. Daha sonra tələbələrin sualları cavablandırıldı, xatirə şəkli çəkildi. 

TOP XƏBƏRLƏR