UNEC-in Mühəndislik fakültəsində müəllim və tələbələrin iştirakı ilə “Vergi mədəniyyəti və maliyyə savadlılığı” mövzusunda seminar təşkil olunub.
Tədbirin məqsədi tələbələrdə vergi və maliyyə sahəsində biliklərin artırılması, onların iqtisadi proseslər barədə məlumatlılığının gücləndirilməsi və maliyyə məsuliyyətinin formalaşdırılması olub.
Fakültənin dekan müavini Sevinc Abdullayeva çıxışında maliyyə savadlılığının müasir dövrdə hər bir vətəndaş üçün vacib bilik və bacarıqlardan biri olduğunu vurğulayıb. O bildirib ki, maliyyə resurslarının düzgün idarə olunması, şəxsi büdcənin planlaşdırılması, qənaət vərdişlərinin formalaşdırılması və məsuliyyətli maliyyə qərarlarının qəbulu gənclərin gələcək uğurlarında mühüm rol oynayır.
Görüş zamanı vergi mədəniyyətinin mahiyyəti, vergilərin dövlət büdcəsinin formalaşmasında rolu, vətəndaş məsuliyyəti, eləcə də vergi ödəyicilərinin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, vergilər hesabına təhsil, səhiyyə, infrastruktur və digər sosial sahələrin inkişafı təmin edilir. Bu baxımdan vergi mədəniyyətinin aşılanması cəmiyyətin davamlı inkişafı üçün xüsusi əhəmiyyət daşıyır.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.