A

“Həftənin kitabı” layihəsi “Həyat dövrünün qiymətləndirilməsi. Nəzəriyyə və Təcrübə” kitabını təqdim edir.

Kitabın müəllifləri Maykl Z.Hauşild (Michael Z.Hauschild), Ralf K.Rozenbaum (Ralph K.Rosenbaum) və Stiq İrvinq Olsendir (Stig Irving Olsen).

Dərslik müasir yaşıl iqtisadiyyat, ekoloji dayanıqlılıq və ətraf mühit menecmentinin ən effektiv alətlərindən biri olan Həyat Dövrünün Qiymətləndirilməsi (LCA) metodologiyasına həsr olunub. Kitabda hər hansı bir məhsul, xidmət və ya sənaye prosesinin "beşikdən məzara" (xammalın hasilatından onun istehsalı, istifadəsi və tam utilizasiyasına qədər) bütün mərhələlərində ətraf mühitə göstərdiyi təsirlərin analiz edilməsi prinsipləri nəzəri və praktiki baxımdan şərh olunub.

Nəşrdə beynəlxalq ISO standartlarına uyğun olaraq məqsəd və hüdudların müəyyənləşdirilməsi, inventar analizi, ekoloji təsirlərin qiymətləndirilməsi və nəticələrin şərhi mərhələləri real sənaye nümunələri ilə izah edilir. Kitab resursların səmərəli idarə olunması, karbon və su izinin azaldılması, eləcə də ekoloji baxımdan təmiz istehsalat texnologiyalarının tətbiqi sahəsində mühüm elmi-praktiki mənbədir.

Dərslik mühəndislik, ekologiya, dayanıqlı inkişaf və yaşıl biznes sahəsində təhsil alan tələbələr, magistrlər, elmi tədqiqatçılar, həmçinin sənaye müəssisələrinin ekoloqları və menecerləri üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, kitab ilk dəfə 2018-ci ildə “Springer International Publishing AG” nəşriyyatında “Life Cycle Assessment” adı ilə çapdan çıxıb və “TEAS Press” -də əsərin bu orijinalı əsasında azərbaycancaya Günya Rəhimova, Könül Nəsibova, Svetlana Quliyeva, Elvir Hüseynov və Aysel Qasımzadə tərəfindən tərcümə edilib. Layihənin rəhbəri Elçin İbadovdur. UNEC dosentləri Elşən Məmmədov, Fərhad Eminov, Adik Məmmədov və İlqar Xəlilov kitabın ixtisas redaktorlarıdır.   

“Həyat dövrünün qiymətləndirilməsi. Nəzəriyyə və Təcrübə” kitabı 2024-cü ildə “TEAS Press” nəşriyyat evində çapdan çıxıb. Kitab 1000 səhifədir. Oxucu-istifadəçilər dərsliklə UNEC KİM-in 24/7 və bütün kitabxanalarında yaxından tanış ola bilərlər.

TOP XƏBƏRLƏR