UNEC-in Mühəndislik fakültəsinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin dəstəyi ilə 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş “Qida təhlükəsizliyi: gözlənilməz hallara hazırlıq” mövzusunda beynəlxalq seminar keçirilib.
Tədbirdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər, akademik heyət və tələbələr iştirak ediblər. Seminarın moderatoru, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının Qida mühəndisliyi ixtisasının rəhbəri, AQTA yanında İctimai Şuranın sədri dosent Mehriban Məhərrəmova qida təhlükəsizliyinin insan sağlamlığının qorunmasında, dayanıqlı inkişafın təmin edilməsində və cəmiyyətin rifahının yüksəldilməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, qida zəncirində risklərin vaxtında müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi qida təhlükəsizliyinin əsas istiqamətlərindəndir.
Daha sonra çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev qida təhlükəsizliyinin təmin edilməsində elmi tədqiqatların, risk qiymətləndirilməsinin və laborator nəzarətin əhəmiyyətindən, həmçinin bu sahədə həyata keçirilən tədbirlərdən danışıb.
FAO eksperti Anna Vasilenko, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nəcəf İskəndərli və digər çıxışçılar da Ümumdünya Qida Təhlükəsizliyi Gününün əhəmiyyətindən bəhs edib, mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, bu il 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü “Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı altında qeyd olunur. Günün əsas məqsədi qida təhlükəsizliyinin insan sağlamlığı, iqtisadi inkişaf və cəmiyyətin rifahı üçün əhəmiyyətini diqqətə çatdırmaqdır.