UNEC-in Mühəndislik fakültəsində “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları müasir cəmiyyətin əsas dəyəri kimi” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Görüşün məqsədi insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin gücləndirilməsi və tələbələrin bu sahədə məlumatlılığının artırılması olub. Eyni zamanda, insan hüquqlarının müdafiəsi sahəsində əldə edilmiş nailiyyətlərin və qarşıda duran vəzifələrin ictimaiyyətə çatdırılması diqqət mərkəzində saxlanılıb.
Tədbirdə çıxış edən fakültənin dekan müavini Sevinc Abdullayeva insan hüquqlarının demokratik cəmiyyətin əsas dəyərlərindən biri olduğunu vurğulayıb. O, insan hüquq və azadlıqlarının qorunmasının, qanunun aliliyinin təmin edilməsinin və vətəndaş məsuliyyətinin formalaşdırılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, insan hüquqlarına hörmət mədəniyyətinin təşviqi və gənclərin hüquqi biliklərinin artırılması ali təhsil müəssisələrinin prioritet istiqamətlərindəndir.
Görüş zamanı iştirakçılara ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar, mövcud çağırışlar, beynəlxalq təcrübə və görülən işlər barədə ətraflı məlumat verilib. Həmçinin insan hüquqlarının qorunmasında hər bir vətəndaşın rolunun vacibliyi diqqətə çatdırılıb.