A

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında 02 noyabr 2022-ci il tarixində imzalanmış üçtərəfli memorandum çərçivəsində UNEC-in Maliyyə və mühasibat fakültəsinin tələbələri Hesablama Palatasında istehsalat təcrübəsini keçiblər.

Təcrübə proqramının əsas məqsədi tələbələrin ali təhsil müddətində əldə etdikləri nəzəri biliklərin praktik fəaliyyət mühitində tətbiqinə şərait yaratmaq, onların dövlət maliyyə nəzarəti və audit sahəsində peşəkar bacarıqlarını inkişaf etdirmək, eyni zamanda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadr kimi formalaşmalarına dəstək vermək olub. Təcrübə müddətində tələbələr Hesablama Palatasının fəaliyyət istiqamətləri, institusional strukturu, dövlət auditinin hüquqi və metodoloji əsasları, eləcə də dövlət vəsaitlərinin idarə olunması və istifadəsinə nəzarət mexanizmləri barədə ətraflı məlumat əldə ediblər.

İstehsalat təcrübəsi çərçivəsində tələbələr Hesablama Palatasının müxtəlif struktur bölmələrinin iş prosesi ilə yaxından tanış olub, audit tədbirlərinin planlaşdırılması, icrası və nəticələrinin qiymətləndirilməsi mərhələlərini müşahidə etmək imkanı qazanıblar. Həmçinin onlar maliyyə hesabatlarının təhlili, risk əsaslı audit yanaşmaları, səmərəlilik və uyğunluq auditlərinin xüsusiyyətləri, eləcə də dövlət maliyyəsinin şəffaf və hesabatlı idarə olunmasına xidmət edən müasir audit alətləri barədə praktik biliklər əldə ediblər.

Bu təcrübə proqramı tələbələrin peşəkar dünyagörüşünün genişlənməsinə, analitik düşünmə və qərarvermə bacarıqlarının inkişafına mühüm töhfə verməklə yanaşı, universitet-dövlət qurumu əməkdaşlığının təhsil prosesinə uğurlu inteqrasiyasının növbəti nümunəsi kimi qiymətləndirilir.

TOP XƏBƏRLƏR