A

23 may 2019-cu il tarixdə Ekspertiza və standartlaşdırma fakültəsində “Plastik qablaşdırma tullantıları və ətraf mühit” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Dekan dosent Tofiq Osmanov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 fevral 2019-cu il tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinin icrasına UNEC-in də öz töfhəsini verdiyini və tədbirin keçirilməsində əsas məqsədin təhsilalanlar və təhsilverənlər arasında zəruri maarifləndirmə işlərinin aparılması olduğunu qeyd etdi. O, plastik qablaşdırma materialları, onların istifadə xüsusiyyətləri və ətraf mühitə təsiri haqqında ümumi məlumat verdi.

“İstehlak mallarının ekspertizası” kafedrasının müdiri professor Əli Həsənov plastik kütlələrdən hazırlanan materialların, o cümlədən qablaşdırma materiallarının xassələrinin müxtəlif fənlərin tədrisi zamanı tələbələrə öyrədildiyini, onların ekoloji xassələrinin yaxşılaşdırılmasının, qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasının əhəmiyyətini vurğuladı.

Mövzu üzrə təqdimatla çıxış edən “İstehlak mallarının ekspertizası” kafedrasının baş müəllimi Afət Cəfərova son illər ərzində plastik qablaşdırma tullantılarının həcminin kəskin artdığını, bunun ətraf mühitə təsirsiz ötüşmədiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, Azərbaycanda da yuxarıda qeyd olunan Tədbirlər Planının təsdiq edilməsindən sonra plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində artıq müəyyən işlərin görüldüyünü, Balaxanı Sənaye Parkının nəzdində təkrar emal müəssisələrinin yaradıldığını bildirdi. Məruzəçi alternativ qablaşdırma materialları və onların üstünlükləri haqqında da ətraflı məlumat verdi.

Mövzu ətrafında fikirlərini bildirən “İstehlak mallarının ekspertizası” kafedrasının dosentləri Gəray Mirzəyev, Yeganə Cəfərova və başqaları plastik qablaşdırma tullantılarının dünya okeanının flora və faunasına təsiri, bioplastiklərdən hazırlanan qablaşdırma materiallarının müsbət cəhətləri, dünyanın aparıcı dövlətlərində qablaşdırma materiallarının istehsalında müşahidə olunan trendlər və s. haqqında qısa məlumat verdilər.

Tədbirin sonunda qablaşdırma materialları haqqında videoçarx nümayiş etdirildi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay