A

UNEC-də Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

UNEC-in Tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova “Bir” Tələbə-Könüllü Proqramının ölkəmizin siyasi və iqtisadi inkişafındakı rolundan bəhs edib. Ölkəmizdə keçirilən irimiqyaslı, beynəlxalq tədbirlərin təşkilində və həyata keçirilməsində UNEC-in tələbə könüllülərinin uğurla təmsil olunduqlarını vurğulayıb. Prorektor “Bir” könüllü olmağın gənclər üçün əhəmiyyətindən danışaraq tələbələri proqramda fəal iştirak etməyə çağırıb.

Tədbirdə tələbələrə “Bir” Tələbə-Könüllü Proqramı barədə məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyi tərəfindən yaradılan və 20 mindən çox vahid tələbə-könüllü bazasına malik olan proqram gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etmək üçün geniş şərait yaradır. Bundan başqa, könüllü olmaq tələbəlik həyatını rəngarəng və faydalı keçirmək, eləcə də komanda ruhunu formalaşdıran kollektiv oyunlarda yeni dostlar qazanmağa imkan verir.

Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 400-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı” proqram tərəfindən yaradılıb. Bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdirilir. Proqrama qoşulmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçərək fəal tələbə-könüllülərdən ola bilərlər.

Sonda tələbələrin sualları cavablandırılıb, tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay